Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 11:16:00
Müəllimlər nevroz diaqnozu qoyulan şagirdlə necə davranmalıdır?

Məktəbdə təhsil alan bəzi şagirdlər yoldaşları ilə münasibətdə olduqca kobud davranış nümayiş etdirirlər. Tez-tez şiddətə baş vurur, ətrafındakılara zərər yetirir, dərsin gedişini pozurlar. Faktiki olaraq həmin şagirdlərin bir çoxunda uşaq nevrozu aşkarlanır və diaqnoz qoyulur. Uşağın davranışlarına nəzarət etməli olan şəxslərdən biri də müəllimlərdir. Həssas durumu olduğunu nəzərə alsaq, müəllimlər belə şagirdlə necə davranmalıdır?

 

AzEdu.az saytı Azərbaycan Psixologiya Akademiyasınnı loqopedi Babək Əlizadə ilə bu haqda danışıb. Loqoped deyir ki, müəllim həmin şagirdə fərdi yanaşmalı, onu anlamağa çalışmalıdır.

 

“Məktəbdə istənilən halda müəllim şagirdlə mülayim davranmalıdır. Hər hansı bir şagirdlə əlaqəli bir problem varsa, müəllim həmin uşağa fərdi şəkildə yanaşmalıdır. Şagirdlərdən birinə elə bir diaqnoz qoyulubsa, öncə onunla məktəb psixoloqu maraqlanmalıdır. Həmin şagirdi anlamağa çalışmalı, onunla fərdi şəkildə maraqlanılmalıdır. Təəssüf ki, məktəb psixoloqlarının böyük bir qismi vəzifəsini layiqincə yerinə yetirmir. Əslində onlar siniflərdə belə diaqnozlar qoyulan şagirdləri müəyyənləşdirməli və onlarla mütəmadi görüşlər keçirməlidir.

Belə şagirdlər səhhətindəki problemlə əlaqədar digərləri ilə kobud rəftar edə və onlara zərər yetirə bilər. Bunun qarşısını almağın yollarından biri də həmin şagirdləri bir müddət fərdi təhsilə cəlb etməkdir”.

Loqoped problemin kənardan necə göründüyünü də təsvir edib:

“Uşaqda belə bir problem varsa, dərslərində geriləmə, dərsin gedişatını pozacaq davarnışlar, yoldaşları ilə münasibətlərində kobudluq müşahidə olunur”.

"Bu halda müəllim və valideyn necə davranmalıdır" sualına müsahibimiz belə cavab verib:

“Müəllimin buradakı vəzifəsi şagirdə qarşı olduqca təmkinli davranmasıdır. Fərdi şəkildə yanaşmalı, heç bir halda davranışlarına görə onu mühakimə etməməlidir. Çünki şagirdin davranışları onun səhhətindəki problemlərlə əlaqədardır. Həmin şagirdlə daha çox ehtiyatlı davranmaq, olduqca mülayim şəkildə danışmaq lazımdır.

Ancaq müəllimlər bu zaman çətinliklərlə qarşılaşırlar. Çünki psixi problemi müəyyənləşdirilmiş şagirdin valideyni müəllimə qəti şəkildə tapşırır ki, övladının səhhəti ilə əlaqəli problemi var və müəllim ona heç bir halda söz deyə bilməz. Bu zaman davranış formasının müəyyənləşdirilməsi üçün müəllim, valideyn və məktəbin psixoloqu vəziyyəti müzakirə etməli, necə bir yol izləniləcəyinə qərar verilməlidir”.