Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 09:32:00
Görmə qüsurlu “Fədakar müəllim” : “...Bir anlıq düşündüm ki, hardan başlamalıyam?”

Bəzi peşələr var ki, şərtlər nə olursa olsun o işi icra etməyə əngəl yarada bilmir. Müəllimlik də bu peşələrdən biridir. Ən çətin həyat şəraitində belə bilik öyrətmək üçün sevdiyi işi davam etdirən müəllimlər var.

 

 

AzEdu.az təhsil portalı dəfələrlə çətin həyat şəraitində belə müəllimliklə məşğul olan təhsil verənlərdən “Fədakar müəllim”  rubrikası altında silsilə müsahibələr təqdim edib.

 

           

Bugünkü müsahibimiz Tarix müəllimi Özal Muradov görmə məhdudiyyətinə rəğmən illərdir sevə-sevə öz fənnini tədris edir.  

 

 

- Özal müəllim, özünüzü oxucularımıza təqdim edin zəhmət olmasa.

 

- Mən, Muradov Özal Arif oğlu 23 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2001-2013-cü illərdə 5 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün tam orta məktəbdə təhsil almışam. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisasında təhsil almışam. Məzun olduğum il Sumqayıt Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövr tarixi ixtisası üzrə magistratura pilləsinə qəbul oldum və universiteti fərqlənmə diplomu ilə bitirdim. 2019-2022-ci illərdə Lerik rayonu Zenoni kənd məktəbinə tarix müəllimi kimi təyin olundum. 2022-ci ildə Müəllimlərim İşə Qəbulu (MİQ) imtahanında ölkə üzrə ən yüksək nəticəni göstərərək hazırda işlədiyim Bakı Şəhəri 45 saylı tam orta məktəbə təyin olundum. Ailə vəziyyətim subaydır.

 

- MİQ balınız nə qədər idi?

 

- 97.5 bal olub. 40 sual ixtisasdan, 18 sual isə kurikulumdan yazmışdım. 3 il ucqar kənddə işlədiyim üçün Elm və Təhsil Nazirliyi tərəfindən balım 1.5-ə vurularaq 102.3-ə yüksəldi.

 

- İxtisasınızı özünüzmü seçmisiniz?

- 9 yaşımdan etibarən ən böyük arzum tarixçi olmaq idi. Tarixi çox sevmişəm. Bu sevginin təməlində ibtidai sinifdə oxuduğum tarixi-qəhrəmanlıq hekayələri, tarixi qəhrəmanların obrazları məni tarixçi kimi formalaşdıran əsas amillərdən olub.

 

- Uşaq vaxtı hansısa zorakılıq faktları ilə üzləşmisiniz? Əgər olubsa həmin hadisələri necə təsvir edərdiniz?

 

- Zorakılıq, bəli. Bizim vaxtımızda müəllimin şagirdi döyməyi təbii hal kimi qarşılanırdı. Mən də dəcəl şagird olduğum üçün döyülən şagirdlərdən biri idim. Başqa belə faktla qarşılaşmasam da, ətrafımda başqalarının zorakılıqlara məruz olduğunu görmüşəm və çalışmışam ki, bacardığım qədər o uşaqlara kömək edim.

 

- Ailənizin sizinlə bağlı planları nə idi?

 

- Ailəm məni müəllim kimi görmək istəyirdi, amma fərqli sahədə, Dil-ədəbiyyat (filologiyada)

 

- Özal müəllim, Lerikdə işlədiyiniz məktəblə bağlı sizin üçün ən yadda qalan hadisə nə olub?

 

- Lerik rayonu Zenoni kəndində 3 il müəllim kimi fəaliyyət göstərdiyim müddətdə qışda qaz, işıq problemləri ilə qarşılaşırdım. Amma peşəmi sevdiyim üçün işləməkdən zövq alırdım. Məktəblə bağlı ən yadda qalan xoş xatirə yəqin ki, qışda tənəffüsdə şagirdlərlə qartopu oynamağımız zamandır. Həmin vaxt  şagirdlər mənə kömək etmək üçün qartopu hazırlayıb verirdilər. Ən çox sevindiyim məqamlardan biri də dərs dediyim müddətdə şagirdlərimə az da olsa nəsə öyrədə bilməyimdir.

 

- Ucqar kənddə işləməyin nə kimi çətinlikləri var?

- Mən 25 il şəhərdə yaşadığım üçün kəndin iqlimi, şəraiti çox çətin gəlirdi. Özüm əslən Qubadlı rayonundan olsam da, mən doğulanda ora artıq işğal olunmuşdu deyə heç vaxt görə bilməmişdim. Artıq Qubadlı Azərbaycanın rəşadətli ordusu tərəfindən işğaldan azad olunduğu üçün doğma torpaqlarımıza getməyi çox istəyirəm.

 

- Məktəbə (şagirdlərə) adaptasiya müddətiniz haqqında nə deyə bilərsiniz?

- Hələ magistraturada təhsil aldığım müddətdə yaxın ətrafdakı uşaqlara xüsusi hazırlıqlar keçirdim. Amma şagirdlərlə adaptasiya müddətim Lerikdən başladı. Heç yadımdan çıxmır Lerikdə işlədiyim məktəbin təmiri hələ bitməmişdi deyə dərslər həyətdə keçilirdi. Həmin gün 4 nəfər 7-ci sinif şagirdinə dərsim olacaqdı. İlk görəndə bir anlıq düşündüm ki, hardan başlamalıyam? Bir dəqiqə susdum sonra isə uşaqların adlarını sorğuşmağa başladım. Bunu çətin vəziyyətə düşdüyümü anlamasınlar deyə etdirdim. Düşünürəm ki, müəllimin müəyyən mövzularda çətinlik yaşadığını şagird bilməsə daha yaxşı olar. Müəllim peşəkarlıq göstərərək öz problemlərini, qorxularını şagirdlərə ötürməməlidir.

 

- Şagirdlərlə münasibətləriniz necədir?

 

- Düşünürəm ki, kifayət qədər yaxşıdır. Təbii ki, bu sualın cavabını şagirdlər versə daha dəqiq olar. Şagirdlərimin hər birini çox sevirəm. Onların tarixə maraq göstərməsi məni çox sevindirir.

 

- Sosial şəbəkədə aktiv olduğunuzu gördüm. Nə vaxtdan etibarən kontent yaratmağa qərar verdiniz?

 

- Təxminən 12 ildir müxtəlif platformalarda sosial şəbəkə istifadəçisiyəm. Ancaq kontent hazırlamaq fikri 2019-cu ildən yarandı. Hesab edirəm ki, hər kəsin borcu cəmiyyətə nə isə qoyub getməkdir. İnsan öz ixtisası, öz dünya görüşü ilə bağlı bilgiləri digər insanlarla bölüşməli, cəmiyyətə fayda verməlidir. Məzmunlu informasiyalar, materiallar təqdim etmək cəmiyyət qarşısında mənəvi borcumuzdur. Müəyyən təbəqələr var ki, videolarım onlara çatır və məni daima izləyir. Ümid edirəm ki, eyni cür kontent yaradanların sayı artar və cəmiyyətdə belə videolara təlabat çoxalar.

 

-Sosial şəbəkələrdən, yaxud kənardan sizə qarşı təzyiq olubmu?

 

- Bəli. Hansısa fikrimə, videoma, paylaşımıma dözümsüz yanaşan insanlar olub. Bu hər zaman olacaq. Bunun olması təbiidir. Mən bu yay MİQ imtahanı ilə bağlı fikirlərimi paylaşanda çox böyük reaksiyalarla qarşılaşdım. Düşünürəm ki, insan doğrunu deməkdən çəkinməməlidir. Cəmiyyətdə bizim borcumuz həqiqəti çatdırmaqdır. Çoxluq eyni şeyi deyirsə, bu o demək deyil ki, onlar düzünü deyirlər.

 

- Sizin üçün uğurlu insan kimdir?

 

- Mənim üçün uğurlu şəxs dünya tarixində Otto Fon Bismarkdır. O, XIX əsrin ikinci yarısında Almaniyanı birləşdirməyə çalışıb. Almaniyanı digər dövlətlər (Böyük Britaniya, Rusiya, Fransa) kimi böyük dövlətə çevirmək istəyir. Bu dövrdə Almaniya dağınıq vəziyyətdə idi. Onun apardığı diplomatik fəaliyyət nə qədər ağıllı adam olmasından xəbər verir.

 

- Dərs dediyiniz şagirdlər arasında sağlamlıq imkanları məhdud şəxslər olub?

 

- Mən həm MİQ imtahanına, həm də ali təhsil müəssisələrinə qəbul imtahanları üçün hazırlıq keçirəm. Hazırladığım şagirdlər içərisində sağlamlıq imkanı məhdud şəxslər olub və yaxşı nəticələr də göstəriblər.

 

- Müəllimlik fəaliyyətinizi daha nə qədər davam etdirməyi düşünürsünüz?

 

- Ömür boyu müəllim fəliyyətimi davam etdirmək istəyərəm. Ən yüksək vəzifəyə getsəm belə pedaqoji fəaliyyətimi davam etdirmək mənim borcumdur. Mən bununla yaşayıram.

 

 

Sifayə Abbas