Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 15:30:25
Bakı məktəbliləri SAF 2023-də 60-a yaxın layihə ilə iştirak edəcək  

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək.

 

AzEdu.az xəbər verir ki, festivala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 160 şagirdin 60-a yaxın layihə ilə qatılması nəzərdə tutulur.

 

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4-8 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Festival 14 kateqoriya üzrə yarış və 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək.

 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkara çıxarılması, şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

 

STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.