Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 09:48:00
Zəfər tariximiz dərsliklərdə necə əks olunur ? - Rəsmi CAVAB

44 günlük vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu zəfər xalqımız tərəfindən bayram kimi, böyük sevinclə qarşılandı. Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər.

 

Maraqlıdır, bəs zəfər tariximiz ibtidai sinif dərsliklərində necə əks olunur? Şagirdlərin aşağı siniflərdən vətənpərvər ruhda böyümələrində dərsliklərin rolu nə qədərdir?

 

Mövzu ilə əlaqədar Azərbaycan Respublikası Təhsil İnstitunun Tədris resursları şöbəsinin baş mütəxəssisi, Azərbaycan dili fənni üzrə 1-ci sinif üçün metodik vəsaitin həmmüəllifi Aysel Xanaliyeva AzEdu.az-a açıqlama verib.

 

“Azərbaycan dili dərsliklərinin əsas məqsədi müxtəlif mövzulardan istifadə etməklə şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, bu mövzular üzrə söz ehtiyatlarını zənginləşdirməkdir. Bununla belə Azərbaycanla bağlı mövzuların (Azərbaycanın təbiəti, bölgələri, milli adətə-nənələri, işğaldan azad olunmuş torpaqları, qəhrəmanları və s.) verilməsi  daim diqqət mərkəzində saxlanılır”.

 

Müsahibimiz qeyd edib ki, 2020-ci ildən etibarən ibtidai siniflərdə tədris olunan Azərbaycan dili dərslikləri yenilənib:

 

“Əgər əvvəlki dərsliklərdə ağrılı-acılı, həsrət dolu mətnlər əks olunurdusa, artıq yeni dərsliklərin məzmununda zəfər tarixmizlə bağlı kifayət qədər bədii  və informativ mətnlər yer almışdır. Mövzular şagirdlərin yaş səviyyəsinə uyğun tərtib edilmişdir  birinci və ikinci siniflərdə vətən anlayışı, dövlət rəmzləri, ana dili, milli bayramlar, adət-ənənələrimiz, Qarabağ atı, Bərdə xalçası, Zəfər Günü, işğaldan azad olunmuş torpaqlara qayıdan sakinlərin sevinci və s. barədə əsasən bədii mətnlər verilir. Üçüncü  və dördüncü siniflərdə  isə Azərbaycan, eləcə də Qarabağın tarixi, mədəniyyəti barədə daha çox tarixi-informativ mətnlər yer alır”.

 

A.Xanalıyeva bildirib ki, ibtidai sinif dərsliklərinin məzmunu ilə bağlı əsas məqsəd şagirdlərə vətəni  tanıtmaqdır:

 

“Çünki vətənini tanıyan hər bir şagird onun dəyərini bilir, onu sevir və qoruyur. Görkəmli alim Xudu Məmmədovun gözəl bir fikri var. Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər. Düşünürəm ki, ibtidai təhsil səviyyəsində Azərbaycan dili dərslikləri bu missiyanı düzgün yerinə yetirir deyə o fikrini yekunlaşdırıb”.

 

Sifayə Abbas