Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 09:00:00
15 yaşuşaqlar oxuduqları mətni niyə anlamırlar? - RƏY

 

 “Ölkədə 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır”.

Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev “Azərbaycan dili və Ədəbiyyatı” Forumunda səsləndirib.

 

Nazir qeyd edib ki, başqa bir tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır:

 

“Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir”.

 Sona Əliyeva: » Azərbaycan İnformasiya Agentliyi

 

Nazirin verdiyi bu statistikadan sonra şagirdlər arasında anlamanın zəifliyi ilə bağlı bir neçə səbəb ortaya çıxır. Uşaqların oxuduğunu anlamaması onların dərketmə qabiliyyətinin zəif olmasından irəli gəlir, yoxsa dərsliklərin qəliz olmasından?

 

 

AzEdu.az-ın sualını cavablandıran sabiq millət vəkili, təhsil eksperti Sona Əliyeva hesab edir ki, hazırda təhsildə olan problemlər qismən şagird və müəllimlərlə bağlı ola bilər:

 

“Görünür, nazirə təqdim olunan hesabatlar bu formada verildiyi üçün o da hesabatların nəticəsi olaraq, belə bir ifadə işlədib. Mən belə düşünmürəm. Ona görə ki, hazırda təhsildə olan problemlər qismən şagird və müəllimlərlə bağlı ola bilər. Ancaq ümumilikdə təhsil sistemimizin özündə problemlər həddindən artıq çoxdur. Bu, dərsliklərdə, tədrisin keyfiyyətində, qəbul olunan tədris proqramlarından qaynaqlanır. Onların həlli köklü yanaşma tələb edir”.

 

Deputatın fikrincə, təhsildə olan problemləri şagirdlərin və ya müəllimlərin üzərinə yıxmaq doğru deyil:

 

 

“Problemin səbəbini, haradan qaynaqlandığını axtarmaq lazımdır. Statistika ilə çıxış etmək və bunu cəmiyyətə də bildirmək yaxşıdır. Amma ən öncəlikli məsələ problemin səbəbini tapıb həll yolunu göstərməkdir. Deməzdim ki, Azərbaycanda 15 yaşlı uşaqların əksəriyyəti oxuduğunu başa düşmür. Əksini düşünürəm, indiki uşaqlar həddindən artıq ağıllı, məntiqli, sürətli düşünən, çıxış yolu tapandır. Problemi təkcə dərsliklərin və ya tədrisin keyfiyyətinin üzərinə atmazdım. Müşahidə olunan boşluqlar sistemli yanaşmada öz həllini tapa bilər. Çünki problem konkret bir yerdən qaynaqlanmır. Bir çox məsələnin vəhdəti var. Biz zamanında o problemlərə göz yumduğumuz, həllini axtarmadığımız, şablon proqramları üəbul edib bunu təhsil sistemimizə yamaq kimi yapışdırdığımız üçün hazırki nəticə də belə olur”.

 

 

Müsahibimiz qeyd edib ki, hazırki boşluqlar illər öncə etdiyimiz səhvlərin nəticələridir:

 

 

“Təhsil yeganə sistemdir ki, orada qısa müddətdə uğur əldə etmək mümkün deyil. Bu problemlərin də gec olmadan həllini axtarmaq lazımdır. Niyə bizim tələbələrimizin əksəriyyəti xarici ölkələrə üz tutur?! Necə olur ki, məktəbi aşağı qiymətlərlə bitirən şagird Türkiyəyə oxumağa gedib, yüksək nəticə ilə təhsilini başa vura bilir?! Biz bu səhvləri harada buraxırıq?! Bu sualların cavabını tapmaq lazımdır”.

 

S.Əliyeva hesab edir ki, universitetlərimiz monoton olduğu üçün dünya təhsil sistemi ilə ayaqlaşa bilmir:

 

“Azərbaycandakı ali təhsil sistemi dünya təhsil sistemindəki rəqabətlə ayaqlaşa bilmir. Çünki bizim universitetlər monoton, bir istiqamətlidir. Tədqiqat, praktika, laboratoriya şəraiti, ümumiyyətlə maddi-texniki baza, mütəxəssis təminatı zəifdir. Hələ də sovet sisteminin düşüncəsini özümüzdən uzaqlaşdıra bilməmişik. Hələ də nəzəriyyə, statistika üzərindən danışırıq. Köhnə sovet sisteminin idarəetməsi mövcuddur. Ona görə də uşaqlarımızın istedadını üzə çıxarmaq, onlara təkan vermək təhsil sietmində köklü və çevik dəyişikliklər olmalıdır. Bunlar isə hər nəslin, hər yaşın xüsusiyyətlinə uyğun olmalıdır. Qloballaşan dünyada monoton təhsil idarə sistemi işləmir və işləməyəcək”.