Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 14:45:00
15 yaşında xarici üniversitetlərdən təklif alan Selcan : “Mərkəz yaradacam”  

 Daha bir yeniyetmə uğuru ilə bizi sevindirməyə müyəssər olub. 15 yaşlı Selcan Şəfizadə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini " Təhsildə xüsusi keyfiyyətlərə görə” gümüş nişanı ilə bitirib.

 

Selcan orta məktəb illərində bir çox yerli və beynəlxalq səviyyəli uğurlara imza atıb.

 

AzEdu.az istedadlı gəncimizi daha yaxından tanımaq üçün onunla həmsöhbət olub.

 

Selcan Şəfizadə ilə olan müsahibəmizi təqdim edirik:

 

-Bakı Ali Neft Məktəbində (BANM) – də hansı ixtisas üzrə təhsil almaq istəyirsən ?

 

-Yeddinci sinifdən Respublika Fənn Müsabiqəsində Kimya üzrə qalib olduqdan sonra artıq gələcək ixtisasımı planlaşdırmışdım. Seçdiyim "Kimya mühəndisliyi" ixtisasının ən yaxşı BANM-da tədris olunduğunu öyrəndim və seçimim BANM oldu.

 

- Yaşıdlarının bir çoxundan daha yüksək nailiyyətlər əldə etmisən. Bunu nəyə borclusan, istedad, yoxsa əzmkarlıq?

 

- Oxuduğum liseydə istedadlı şagirdlər çox olduğu üçün heç zaman özümü yüksək nailiyyətli, mükəmməl bilmirəm. Müəllimlərimiz bizim hekayələrimizin maraqlı olması üçün bacardıqları qədər yaxşı təhsil mühiti yaradıb, maneələri dəf etməyin ən gözəl yolunun özümüzü inkişaf etdirməyi öyrədiblər.

 No description available.

 

-Bu yolda ən böyük dəstəkçilərin kimlərdir?

 

 -Ailəm, müəllimlərim, iştirak etdiyim akademik və sosial layihələrdəki mentorlarım.

 

- Hazırda 15 yaşın var, 10 il sonra, 25 yaşında hansı məqsədlərinə çatmağı hədəfləmisən?

 

 -Hər il xeyli gənc universitetləri seçərkən tərəddüd yaşayır və təhsil reklamlarının istəmədən manipulyasiyalarının hədəfi olub özlərini "lazımsız" hiss edirlər. Yanlış təbliğat nəticəsində kortəbii rəqabət başlayıb. Mənim 25 yaşda hədəfim istedadlı uşaqların vacib qərarları zamanı onlara kömək olacaq əsl peşəkarlardan ibarət ödənişsiz mərkəz yaratmaq olacaq.

 

 No description available.

-Sənin üçün əsas insani keyfiyyətlər nələrdir?

 

- Çox dinləyib, az danışmaq.

 

 -Gələcək planların arasında xaricdə təhsil var?

 

 -Mən bu il ABŞ-da “Georgia İnstitute of Technology”, Kanadada “McGill, University of British Columbia”, Koreyada “KAİST” və Belçikada “KU Leuven” universitetlərinə qəbul almışam. Yaşımın az olması ilə əlaqəli kampusda yaşamaq icazəm yoxdur. Beynəlxalq Kimya Olimpiadasında qalib olduğum üçün müsabiqədənkənar ölkəmizdəki bütün universitetləri və ixtisasları seçmək imkanım var idi. Mən isə BANM-ı seçdim.

 

-Son olaraq yaşıdlarına hansı tövsiyələri vermək istərdin?

 

 -Həmyaşıdlarımın özlərini inkişaf etdirmələri üçün artıq həm ölkəmizdə xeyli şərait var, həm də “online” resurslar çoxdur. Çalışın kiçik yaşlardan həm sosial, həm də akademik sahədə özünüzü inkişaf etdirin.

 

Qeyd edək ki, O, 2023- cü ildə Respublika Fənn Olimpiadalarında kimya üzrə qalib olub və qızıl medala layiq görülüb. 2023- cü ildə 55- ci Beynəlxalq Kimya Olimpiadasında 3- cü yer- bürünc medal qazanıb. Əl- Biruni Beynəlxalq Kimya Olimpiadasında 3- cü yeri tutub və bürünc medal qazanıb. 2022- ci ildə 19- cu Beynəlxalq Yeniyetmələr üzrə Elm Olimpiadasında bürünc medal qazanıb. 2022- ci ildə "Competitive College Club" Konqresinə seçilib (Education USA American Councils). 2022- ci ildə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında iştirak edib və sertifikat alıb." Consumer/ Creator- An online Social Media Literacy interactive" üzrə uğurlu iştiraka görə sertifikata layiq görülüb (Education USA American Councils).

 

 "Competitive College Club" proqramını uğurla bitirərək, sertifikat alıb. Beynəlxalq STEAM Olimpiadasında riyaziyyatdan "Digital Gümüş medal" (2022) qazanıb. Beynəlxalq "Jauitkov" Olimpiadasında riyaziyyat üzrə iştirak (2022) edib. 2021- ci ildə "Professional Digital Storytelling Training"ini bitirib. Təhsildə yeni çətinliklər İkinci Beynəlxalq Forumundan Sertifikat (2021) alıb. 2021- ci ildə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində qalib olub.  2018- ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən 5- ci Lütfi Zadə məntiq müsabiqəsində həvəsləndirici sertifikata layiq görülüb.  Avropa İttifaqının "eTwinninq" layihəsində 3- cü yerin qalibi (2022) olub.