Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 12:26:00
Təbrizdə Azərbaycan türkcəsi Akademiyası yaradılır ? - Sabiq nazir danışır

Azərbaycan Mədəniyyət, İncəsənət və Ədəbiyyat Fondunun toplantısında İran-İslam yanaşmalı türk dili akademiyasının yaradılması zərurətindən danışılıb. 

 

Keçmiş parlament üzvü Əli Əsgər Şerdust qeyd edib ki rəhbərliyin tövsiyələrinə əsasən, Azərbaycan mədəniyyətinin bu sahəsinə elitanı, mədəniyyət xadimlərini işə cəlb etmək lazımdır. İclasda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin mədəniyyət və islam maarifi üzrə baş direktorları da iştirak ediblər.

 

Bu ideya 1970-ci illərdən mövcud olub. 11-ci hökumətdə o vaxtkı təhsil naziri Əli Cənnəti belə bir akademiya yaratmağa cəhd edib. Sonra isə parlament seçkilərində Məhəmmədhüseyn Fərhani bu ideyanı seçki üçün cəlbedici hesab edib, lakin indiki halda  İran Ali dini rəhbərinin xarici siyasət məsələləri üzrə müşavir Əliəkbər Vilayəti isə yenə də azərbaycanlıların İran tarixinin, mədəniyyətinin bir parçası olması haqda uzun-uzadı məqalə hazırlayıb. Tezislərini Səfəvi tarixi, Şah Abbasın fəaliyyəti üzərində qurub. Bir müddət əvvəl İran mediasında azərbaycanlılar arasında anti-Türkiyə əhval-ruhiyyəsi yaymaq üçün Çaldıran döyüşünü, qızılbaş-osmanlı döyüşləri tarixini qabartmaq təklif olunurdu. Vilayətinin məqaləsi bu tezislərin əsl mücəssəməsi sayıla bilər.

 

Belə olan halda Təbrizdə Azərbaycan türkcəsi Akademiyası yaradılması nə dərəcə real görünür və bunu zəruri edən nədir?

 

Akademiyanın yaradılması təklifinə münasibət bildirməsi üçün sabiq təhsil naziri, türkoloq-alim Firidun Cəlilovla əlaqə saxladıq. AzEdu.az-a açıqlama verən professor irəli sürülən təklifi faydalı hesab edir:

 

“Əsas məsələ akademiyanın yaradılmasından daha çox ona kimin rəhbərlik etməsidir.

 

“Belə bir akademiyanın yaradılmasından əvvəl onu kimin yaradacağından, kimin rəhbərlik edəcəyi, hansı mütəxəssislərin cəlb olunacağı aydınlaşmalıdır. Təşkilatı işlər çox məna ifadə edir. Çünki belə bir qurumu Mustafa Kamal Atatürk hələ sağlığında Türkiyədə yaratmışdı və Türk Dil Qurumu adlanırdı.

 

 Bu gün də Atatürkün qoyduqları əsasında həmin qurum fəaliyyət göstərir. Amma zaman-zaman həmin qurumun rəhbərləri dəyişdikcə bu, onun fəaliyyətinə də öz təsirini göstərirdi.

 

Bu mənada təcrübələr göstərir ki, istənilən təşkilatı yaratmaq mümkündür, ancaq onu idarə edən peşəkar olmalıdır”.

 

F.Cəlilov Türk Dili Akademiyası yaradılacağı təqdirdə hansı mövzularda xidmət göstərəcəyi ilə bağlı öz təkliflərini də irəli sürdü:

 

“Gələcəkdə ortaq türk dilinin yaradılması planlaşdırılır. Bu baxımdan belə bir akademiyanın yaranmasına ehtiyac var.

 

Biz 30 ildir ki, ortaq türk əlifbasından istifadə edirik, ancaq digər bəzi türk respublikaları buna keçə bilmir. Bu kimi məsələlərdə akademiyanın fəaliyyətinin yararlı olacağını düşünürəm. Əgər türk akademiyası yaranarsa, onun fəaliyyət dairəsi çox geniş olacaq.

 

Məsələn, dilimizin qədim dövrü işlənməyib. Bu mövzu ilə bağlı mütəxəssislər jurnal, kitab buraxa bilər. İşlər çoxdur. Əsas odur ki, akademiyanın başında mütəxəssis dayansın”.