Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 17:36:00
Astronomiyanın tədrisdən çıxarılmasına ETİRAZ : "Strateji əhəmiyyəti var"  

 

 

 Bu günlərdə Azərbaycan İnternet Formunun Prezidenti, professor  Osman Gündüz Şamaxı Astrofizika Rəsədxanasının elmi işçiləri ilə həmsöhbət olub.

 

Professor həmin sahə üzrə bir sıra məsələlərlə bağlı məyusluğunu bildirib:

 

“Burada şöbə müdiri, böyük elmi işçi, layihə rəhbəri statusunda olan elmi əməkdaşların cəmi 500-600 manat əmək haqqı aldığını öyrəndim.

Kosmosda resursların bölüşdürülməsi uğrunda amansız mübarizənin getdiyi bir vaxtda astrofizika üzrə, səma problemləri üzrə, kosmos üzrə elmi araşdırma aparan əməkdaşa verilən bu əmək haqqının hansı elmi əsaslandırması ola bilər”.

 

O, kosmosla bağlı genişçaplı araşdırılmaların aparıldığı bir dönəmdə astronomiya fənninin ayrıca fənn olaraq tədrisinin dayandırılmasına da diqqət çəkib:

 

“Yeri gəlmişkən, uzun illərdi ki , ölkəmizdə astronomiya fənninin ayrıca fənn olaraq tədrisi də NK qərarı ilə dayandırılıb”.

 

Məsələni AzEdu.az-a dəyərləndirən astroloq Firudin Qurbansoy kainata adımızı yazdırmağımıza səbəb olmuş bu fənnin tədrisinin vacib olduğunu vurğulayıb:

 

 

“Azərbaycan astronomları tarix boyu çox böyük kəşflər edib, dünya elminə töhfələr veriblər. Təkcə Nadir İbrahimovun Marsla bağlı tədqiqatlarının dürüstlüyünə görə onun adını Marsdakı bir kraterə veriblər. Ümumiyyətlə, azərbaycanlı alimlərimizin adına, asteroid, krater olması və bunun gənclərimizə çatdırılması çox vacibdir. Çünki bu informasiya Azərbaycanın sərhədlərindən kənara çıxır. Bir növ Kainata adımızı yazdırmış hesab olunuruq. Bunu gənclərimiz mütləq öyrənməlidir”.

 

Bu sahənin tədris proqramından çıxarılmasının uğursuz addım olduğunu deyən, astroloqun fikrincə, bunları edənlər incəsənət, elm və mədəniyyətdən xəbəri olmayan məmurlardır:

 

 

“Ancaq kimlərsə Azərbaycanın  uğurlarını, tarixini yaddaşlardan silməyə çalışır. Bir ali məktəb müəllimi olaraq Azərbaycan mədəniyyəti, tarixinə aid olan fənlərin çıxarılmasına etiraz edirəm”.

 

 

F.Qurbansoy həyati və strateji  əhəmiyyətli bir çox prosesi astronomiya elmi ilə əlaqələndirir:

 

 

“Astronomiya fənni ən qədim zamanlarda məktəb mövcud olan vaxtlardan öyrənilib. O zaman insanlar düşünmürdü ki, “bu ixtisas yaxşı gəlir gətirir, öyrənmək vacibdir”. Onlar yaşadıqları təbiəti, planeti öyrənmək üçün can atırdılar. Yaşadıqları planetlə bağlı məlumat sahibi olmaq o zamankı şəxslər üçün vacib olduğundan demək olar ki, bütün mədrəsələrdə tədris olunurdu. Ancaq hazırki dövrdə bu səhəni daha çox öyrənməyə ehtiyac duyulur. Çünki həyati əhəmiyyətli bir çox proses astronomiya elmi ilə əlaqəlidir. Gənclərdə elmi sahələrə qarşı maraq yaratmaq gündən-günə çətinləşir. Astronomiya fənninin tədris prosesindən çıxarılması da absurddur”.