Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 15:30:00
Şəhid xanımları təhsil haqqından azaddırlar? - Qanun “hə”, fakt “yox” deyir   

Universitetlərdə təhsil haqqından azad olan kateqoriyalara şahid ailələri də daxildir.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azadırlar.

 

Lakin bəzi iddialara görə ali təhsil müəssisələri şəhid ailələrindən olan şəxslərdən təhsil haqqı tələb edir.

 

Təsil eksperti Adil Vəliyev də öz Feysbuk profilində bu barədə yazıb:

 

“Bu gün bir şəhid  xanımının ixtisas seçimini edəndə öyrəndim ki, onlar təhsil haqqından azad deyilmişlər. Təhsil haqqından azad etmək hər universitetin öz qərarına qalıbmış. Xanımın istədiyi özəl universitetlə əlaqə saxladım, təəssüf ki, təhsil haqqından azad olmadıqlarını bildirdilər.
Neçə nəfər şəhid xanımı təhsil almaq istəyir ki, bu məbləğ universitetlər üçün ağır gəlir?!!! Hamısı ali təhsil almaq istəsə belə, bu xidmət onlar üçün əlçatan və ödənişsiz formada olmalıdır”.

 

Bəs bu fikirlər həqiqətə uyğundurmu?

 

Mövzuyla bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov belə bir halın yaşanmasının mümkün olmadığını vurğulayıb:

 

“Şəhid ailələrinin statusu ilə bağlı qanunlarda açıq şəkildə göstərilib ki, onların övladlarının təhsili dövlət tərəfindən həyata keçirilir. Amma söhbət şəhidin hansısa uzaq qohumundan gedirsə, burada hansısa güzəştin olmağı mümkün deyil.  Qanunvericilikdə həm şəhid övladları, həm də həyat yoldaşları ilə bağlı məsələlər öz əksini tapıb. Universitetlər də fəaliyyətlərini o qanuna əsasən qururlar. Hansısa universitet qanundan kənar addım atırsa , mütləq şəkildə aidiyyəti qurumlar arasında məsələ qaldırılmalıdır. Onsuz da burada ali təhsil ocaqlarının itirə biləcəyi nəsə yoxdu. Sözügedən şəxslərin təhsil haqqını dövlət həmin müəssisəyə ödəyir.

 

Bəzən şəhidlərin uzaq, ya yaxın qohumları çalışırlar ki, şəhid statusundan yararlansınlar. Gündəlik məsələlərdə bu kimi hallara rast gəlsək də, qanunvericilikdə həmin şəxslər üçün hər hansı bir məsələ nəzərdə tutulmayıb”.