Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 14:26:00
Dərslər sentyabrın 1-də başlayır? – Şura üzvü danışır  

Xəbər verdiyimiz kimi, ötən aylarda  Sosial Tədqiqatlar Mərkəzi ictimai marağı və müzakirələri nəzərə alaraq dərslərin hansı tarixdə başlaması ilə bağlı sorğu keçirib. Respondentlərə “Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?” sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən respondentlərin 68,1 faizi dərslərin sentyabrın 1-də, 24,7 faizi isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2 faizi bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.

 

Qeyd edək ki,Elm və təhsil naziri Emin Əmrullayev və bir sıra deputat da dərslərin 1 sentyabrda başlamasını məqsədəuyğun hesab ediblər.

 

Maraqlıdır, görəsən Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada bu mövzu ətrafında müzakirələr aparılıb?

 

 

Mövzu ilə bağlı daha dəqiq məlumat almaq üçün İctimai Şuranın məsul katibi İlqar Orucova müraciət etdik.

 

AzEdu.az-a açıqlama verən ekspert söylədi ki, bu mövzunun müzakirəsi həyata keçirilməyib:

 

“Bir müddət öncə Elm və təhsil naziri Emin Əmrullayev dərslərin sentyabrın 1-də başlamasının daha faydalı olduğunu dilə gətirmişdi. Ayrı-ayrı təhsil mütəxəssisləri, ekspertlər, millət vəkilləri müxtəlif zamanlarda mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada bu mövzu müzakirə olunmayıb. Bununla bağlı konkret olaraq hər hansı müzakirə keçirilməyib. Əgər zərurət yaranarsa, sözügedən mövzu İctimai Şurada müzakirəyə çıxarılar və ayrı-ayrı təhsil ekpsertləri, mütəxəssislərin fikirləri, təhsil ictimaiyyətinin rəyləri öyrənilər”.

 

 

Dərslərin senytabrın 1-dən başlamasını daha faydalı hesab edən ekspertin fikrincə, yay tətilinin bu qədər uzun olması birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir:

 

“Biz ayrı-ayrı ölkələrin təcrübəsini bilirik. Yay tətilinə bu qədər zamanın ayrılması iqlim şəraiti ilə də əlaqədardır. Azərbaycanda havanın temperaturu yay tətilinin daha qısa olduğu ölkələrlə müqayisədə daha yüksək olur. Amma dərs ilinin müddəti ilə bağlı qərar qəbul edəcək qurum Nazirlər Kabinetidir. Bu məsələlər məhz həmin qurumun səlahiyyətindədir”.

 

İ.Orucov son olaraq qeyd edir ki, tədris ilinin hansı tarixdən başlayacağı ilə bağlı yekun söz Nazirlər Kabinetinindir:

 

“Əgər təhsil mütəxəssislərinin, təhsil ictimaiyyətinin fikri bu istiqamətdə olarsa, hesab edirəm ki, hökumətimiz mövzunun müzakirəsinə açıq olacaqdır”.