Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 15:57:40
Jurnalistikada keçid balı enib: “Bu sahə cazibədarlığını itirib"   

 

Rəşad Məcid : "Hesab edirəm ki, bu müvəqqəti bir tendensiyadır və jurnalsitika peşəsi yenə öz nüfuzunu qoruyub saxlayacaq”

 

 

 

Jurnalistika ixtisasının keçid balı ötən illərdə 300 bal civarı, bu il isə bir sıra universitetlərdə təxminən 267 bal olub. Bu ixtisasın keçid balının ilbəil azaldılması jurnalistikaya qabiliyyətli kadrların cəmlənməsini sual altında qoyur. Keçid balının aşağı salınması isə sözügedən ixtisasa qəbul olmaq istəyənlərin sayını azaldığı ehtimalını yaradır.

 

Maraqlıdır, görəsən jurnalistika ixtisasına keçid balının azalmasının əsas səbəbləri nələrdir?

 

 

Sualımızı cavablandıran Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, qeyd olunanların başlıca səbəbi jurnalistikanın öz cazibədarlığını itirməsidir:

 

“Jurnalistikaya keçid balının aşağı düşməsi təəssüfləndirici haldır. Düzdür, digər ixtisaslarda da bu hal müşahidə olunur. Amma jurnalistika ixtisası üçün əsas səbəb bu sahənin öz cazibədarlığını itirməsidir. Çünki sosial şəbəkələr yarandıqdan sonra jurnalist adına iddialar çoxalıb. Bloqerlər, sayt rəhbərləri heç bir jurnalistika təhsili olmadan, qeydiyyatdan keçmədən jurnalist olduğunu iddia edir və bu səbəbdən də sözügedən sahədə xaotik bir vəziyyət yaranıb. Azərbaycan Respublikasının Medianın İnkişafı  Agentliyi reyestr vasitəsilə bunu tənzimləməyə çalışır”.

 

R.Məcidin fikrincə, jurnalistikaya olan ehtiramın azalması texnologiyanın inkişafı ilə əlaqədardır:

 

“Sənətimizə olan ehtiram azalmaqdadır. Bunun çıxış yolunu axtarırıq. Bütün bunları zaman və texnologiyaların inkişafı ilə bağlayıram. Şuşada keçirilən Qlobal Media Forumunda da bu məsələr müzakirə olundu. Bir çox peşəkar jurnalist tərəfindən qeyd olundu ki, jurnalistika peşəsi yenə öz əhəmiyyətini bərpa edəcək və ictimai fikrə əsas təsir gücü olan bir vasitə olacaq. Bu baxımdan hesab edirəm ki, bu müvəqqəti bir tendensiyadır və jurnalsitika peşəsi yenə öz nüfuzunu qoruyub saxlayacaq”.

 

 

Baş yazar diqqətə çatdırıb ki, jurnalistika fakültəsini seçənlər üçün öncədən qabiliyyət imtahanları keçirilməsi bəzi müraciətçilərdə qorxu yaradır və düşünürəm ki, onları buranı seçməkdən çəkindirir:

 

Jurnalistika istedad və qabiliyyət tələb edən sahədir. Bunun üçün fitri keyfiyyətlər lazımdı. Düzdür, indi belə bir fikir var ki, hər kəs jurnalist ola bilər. Amma klassik düşüncəli insanlar yazmaq, müşahidə etmək və digər bir sıra keyfiyyətlərin vacib olduğunu düşünür”.

 

R.Məcid məhz jurnalist olmaq istəyənlərin ixtisasa gəlməsini daha müsbət hesab edir:

 

“Vaxtilə BDU-nun Jurnalistika fakültəsində praktik yaradıcılıqdan dərs deyən zaman tələbələrlə ünsiyyətdə olurdum. Bu zaman görürdüm ki, onların çoxu başqa ixtisas seçib və balı çatmadığı üçün jurnalistikaya qəbul olunub. Ona görə də bu peşəyə ötəri həvəslə yanaşırdılar. Bu baxımdan qabiliyyət imtahanlarının keçirilməsini müsbət qiymətləndirirəm. Həqiqətən jurnalist olmaq istəyənlər bura müraciət edirlər”.

 

Tanınmış jurnalist təəssüflə qeyd edib ki, jurnalistikadakı iqtisadi vəziyyətə görə peşəkarların bir çoxu bu sahədən uzaqlaşıb:

 

“Azərbaycan jurnalistikasının böyük ənənələri var. İndi də Azərbaycanda peşəkar jurnalistlər çoxdur. Təəssüf ki, jurnalistikadakı iqtisadi vəziyyətə görə peşəkarların bir çoxu bu sahədən uzaqlaşıb. İndi təkcə bizim ölkədə deyil, bir sıra başqa ölkələrdə də yeni bloqerlər, yutub kanallarının idarəediciləri daha çox gəlir əldə edirlər, nəinki media işçiləri. Bu, bizim ağrılı yerimizdir, çıxış yollarını düşünməliyik. Ümidliyəm ki, bu, zamanın yeni texnologiyalarının gətirdiyi ab-havadır və keçib gedəcək. Peşəkar, məsuliyyətli jurnalistika öz nüfuzunu bərpa edəcək”.