Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 08:46:00
“İstedad” : BANM - dan Finlandiyaya “açılan pəncərə”... - Uğurun sirri!  

AzEdu.az olaraq, “İstedad” rubrikamızı davam etdiririk.

 

 

Növbəti müsahibimiz Bakı Ali Neft Məktəbinin (BANM) builki məzunu Ruslan Həsənovdur. O, magistr təhsili üzrə  xaricdə 8 nüfuzlu ali təhsil müəssisəsindən qəbul dəvəti alıb.

 

 

AzEdu.az-a müsahibə verən istedadlı gəncimiz, qazandığı uğurlar barədə danışıb:

 

 

Müsahibəni təqdim edirik:

 

 

 

- Özünüzü təqdim edərdiniz...

 

 

- Mən Ruslan Həsənov, BANM Kimya mühəndisliyinin 2023-cü il məzunuyam. Müəyyən könüllülük fəaliyyətim olub, “Khan Academy”də fizika üzrə tərcüməçi, “Euro 2020” yarışında “mobility maker” könüllüsü olmuşam. Bundan əlavə, elmi işlərə marağım həmişə olub. Keçən il keçirilən “Teknofest Azərbaycan” yarışında Green TEchnologies kateqoriyasında 2-ci yer qazanıb, ölkəmizi “Teknofest Samsun”da təmsil etmişəm. BANM-da bu il Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən Beynəlxalq Elmi konfransda “Towards Sustainable Chemistry and Chemical Engineering” kateqoriyasında 2- ci yerə layiq görülmüşəm.

 

 

 -Universitetdə qəbul imtahanında neçə bal toplamışdınız?

 

 

-2018-ci ildə qəbul olunmuşam. 682 bal yığmışdım.

 

 

 

- Özünüz hazırlaşırdınız yoxsa, hazırlıq və ya kursa gedirdiniz?

 

 

-Xeyr, özüm hazırlaşmamışam. Repetitor yanına gedirdim.

 

 

 - Bakı Ali Neft Məktəbində verilən təhsil sizi qane edirdimi ?

 

- Azərbaycanın digər ali təhsil ocaqlarını nəzərə aldıqda BANM-da verilən təhsili müsbət qiymətləndirirəm. Ali təhsilim 2 hissədən ibarət oldu: 1 illik “foundation” və 4 illik ixtisas hissəsi. “Foundation”da Sevinc Seyidova adlı möhtəşəm ingilis dili müəlliməm var idi. O, həm də Amerikanın “Lehigh” Universitetində “Fullbright scholarship” ilə təhsil almışdı. İxtisas bölməsinə gəldikdə hər təhsil ili bitdikdə bizi yayda SOKAR-ın müəssisələrində təcrübə keçməyə aparırdılar, yəni ixtisasımızı həm əyani, həm də nəzəri öyrənə bilirdik.

 

 

- Bu ixtisası özünüz seçmişdiniz, yoxsa tövsiyə etmişdilər?

 

 

- İxtisasımı kimyaya marağım olduğuna görə seçmişəm. Amma balım daha yuxarı olsaydı, həmin universitetdə “Proseslərin Avtomatlaşdırılması” ixtisasını tərcih edərdim. Çünki kompüterə olan marağım kimyadan daha çoxdur.

 

 

- Xaricdə hansı universitetlərə qəbul olunmusunuz?

 

 

- Xaricdə təqaüd və təqaüdsüz müxtəlif universitetlərə daxil olmuşam. Məsələn “Northwestern University”, “University of Manchester”, “Queen Mary - University of London” və s. təqaüdlü olaraq, isə “University of Turku”-da Finlandiya təqaüdü və AMİR proqramında “Erasmus Mundus” təqaüdü qazanmışam.

 

 

- Bəs hansını seçdiniz?

 

 

- Seçimim, bəzi səbəblərə görə “University of Turku” oldu. İlk olaraq, ixtisas çox innovatif bir ixtisas idi, ixtisasın tam adı belədir: “Master’s Degree Programme in Materials Engineering: Materials of Energy Technology”.

 

İxtisas bərpaolunan enerji mənbələrinin saxlanılması və istehsalında istifadə olunan materiallara fokuslanıb, bura “solar” panel və batereya texnologiyaları daxildir. Bu ixtisasın gələcəkdə böyük perspektivinin olduğunu düşünürəm.

 

 

- O qədər universitet arasından niyə görə məhz “University of Turku”... ?

 

- Sözügedən universitet Finlandiyadadır. Bu ölkənin təhsil sisteminin digər ölkələrdən müsbət mənada həddən artıq fərqləndiyini düşünürəm. Finlandiyada magistr dərəcəsi əldə etmək çox fərqli bir təcrübə olacaq. Həmçinin, Finlandiyanın təbiətinin də mənim qərarımda rol oynadığını deyə bilərəm.

 

 

- Xaricdə təhsil almağı seçməyinizdə əsas səbəblər nələrdir?

 

 

- Xaricdə oxumağı müxtəlif səbəblərə görə seçdim. İlk olaraq, xaricdə təhsildəki keyfiyyətin və imkanların Azərbaycandan daha yaxşı olmasını vurğulamalıyam. Düşünürəm ki, əgər xaricdə təhsil alsam, öz ixtisasımı daha dərindən və daha çox praktik və keyfiyyətli araşdırma edərək, öyrənə biləcəm. Təəssüf hissi ilə bildirməliyəm ki, bu universitetdəki laboratoriya şəraiti Azərbaycanın hər hansı bir mühəndislik universitetində yoxdur. Digər bir səbəb isə digər mədəniyyətlərlə tanış olmağım mənim insani keyfiyyətlərimin inkişafa təkan verəcəyini düşünürəm.

 

 

-Sizi həmyaşıdlarınızdan fərqləndirən bacarıqlarınız varmı ?

 

 

- Məncə, həmyaşıdlarımdan, ən böyük fərqim müxtəlif maraq sahələrimin olmağıdır. Bir mühəndis tələbəsi olsam belə, psixologiya, musiqi və ədəbiyyata marağım olub. BANM-da ilk olaraq tələbələr üçün “Psixologiya klubu”nun əsasını qoydum və 1 illik fəaliyyətimiz oldu. Bu zaman müxtəlif psixoloqları universitetimizə dəvət elədik. Əlavə olaraq isə elektron və klassik gitarada ifa  edə bilirəm. Hətta, “Youtube”-a bəzi mahnıların 'cover' videolarını yükləmişəm. Daha çox rus ədəbiyyatını oxuyuram və ən çox təsirləndiyim kitablara “Karamazov Qardaşları” və “Cinayət və Cəza” daxildir.

 

- Son olaraq, öz yaşıdlarınıza nə kimi tövsiyələriniz var?

 

- İlk tövsiyəm, ingilis dili biliklərini təkmilləşdirməkdir, artıq elə bir dövrdə yaşayırıq ki, bu dili bilməsən, 1 əsr arxada qalırsan. Əlavə olaraq, araşdırma bacarıqlarını gücləndirməklərini və onlarla eyni hədəfləri bölüşən insanlarla dost olmağı təklif edə bilərəm. "Youtube" kanalında xarici təhsillə əlaqədar videolar yüklədiyim ‘Ruslan Abroad’ kanalına da göz gəzdirə bilərlər.