Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 14:38:00
“...Savadlı müəllimin direktor olması doğru deyil” - Ekspert  

“İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin məktəb direktoru olması doğru deyil”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov məktəb direktorlarının seçilməsindən danışarkən deyib.

 

O qeyd edib ki, məktəb direktoru olmaq istəyən namizədlər ən azı 2 və ya 3 il direktor müavini olaraq işləməlidirlər:

 

“Bu, çox vacibdir. Digər vacib nüanslardan biri də həmin şəxslərin psixoloji durumunun yerində olub-olmamasını öyrənməkdir.

 

Çünki bu, aparıcı bir sahədir. Psixoloji durumu yerində olmayan insanlar üzərlərinə bu qədər böyük məsuliyyət götürə bilməzlər”.

 

Ekspert qeyd edib ki, direktor çox böyük kütləni idarə edə bilməlidir:

 

“Məktəblərdə yüzlərlə şagird, onlarla müəllim var. Onların valideynlərini də nəzərə alsaq, görərik ki, məktəb direktorlarının təsir etmə əhatəsi 50 min nəfərə- icmanın nümayəndələri, valideynlər, həmin ailəni əhatə edən insanlar - çatır. Bu səbəbdən direktorluq çox məsuliyyətli və ciddi bir vəzifədir. İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin sözügüdən vəzifəyə gəlməsi doğru deyil”.