Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 16:10:00
Psixoloqdan SOS! – Məktəbliyə siqaret aldırmayın! - Şüur zədələnir!  

Sağlamlığa ziyan vurduğunu nəzərə alaraq, demək olar ki, bütün ölkələrdə siqaretə qarşı mübarizə aparılır. Təəssüflər olsun ki, son zamanlar uşaqlar arasında zərərli vərdişlərə meyil daha da artır. Onlardan biri də sözsüz ki, siqaretdir.

 

Uşaqlarda siqaretə meyillilik mövcud olduqları ətraf mühitdən və ailədən yaranır. Xüsusilə vurğulamaq lazımdır ki, burada ailə faktoru çox önəmlidir. Bəzi valideynlər siqaretin övladları üçün nə qədər təhlükəli olduğunu dərk etmir, onları bu vərdişdən uzaqlaşdırmaq əvəzinə, hətta, siqaret almağa belə göndərirlər.

 

Bəs uşaqları necə qoruyaq?

 

 AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova qeyd edib ki, istənilən məhsul ondan gəlir əldə etmək üçün istehsal olunur:

Səbinə Cəbrayılova

“Lakin bu kimi məhsulların istehlakı zamanı müəyyən qadağalar mövcuddur. Azərbaycan Respublikası "Tütün və tütün məmulatları haqqında" Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır. Çünki uşaqlar “valideynim üçün alıram“ deyib, özü də sui-istifadə edə bilər. 15.5-ci maddənin tələbinə görə, tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin, uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı qadağandır. 2017-ci ilin dekabrın 1-dən qüvvəyə minən tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunun 13-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və onların tütündən istifadə etməsi qadağan olunub.

 

İnzibati Xətalar Məcəlləsinə görə, “Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə - şərti maliyyə vahidinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. Lakin qanun tətbiq olunarkən maarifləndirici layihələri gücləndirmək lazımdır. Bunun üçün müvafiq xarici ölkələrin təcrübəsindən istifadə vacib şərtdir. İnzibati Xətalar Məcəlləsində tütün məmulatlarının satılması qadağa olsa da, siqaretin azyaşlıya qohumları, valideynləri tərəfindən verilməsi barədə inzibatı məsuliyyət qanunda yoxdur”.

 

Psixoloq vurğulayıb ki, övladını siqaret almağa göndərən valideyn, mütləq şəkildə cəzalandırılmalıdır:

 

“Böyüməkdə olan nəsli siqaretdən qorumaq üçün bu məsuliyyəti yalnız sahibkarların, satışı həyata keçirən müəssisə və obyektlərin üstünə atmaqla kifayətlənmək olmaz. Bu məhsulu əldə etmək, şəxsi istifadə üçün məhsulu almağa övladlarını göndərən valideynlərə qarşı hansı tədbirlər görülür? Atanın öz övladına qarşı bu kimi davranışı yolverilməzdir və bu davranış inzibati yolla tənzimlənməlidir. Bu kimi hallar aşkarlandığı zaman övladını tütün məmulatını almaq üçün göndərən valideynlər də inzibati məsuliyyətə cəlb olunmalıdır ki, bu davranışı təkrarlamasınlar. Uşaqlar böyüklərdən daha tez-tez nəfəs aldıqlarına görə, siqaret tüstüsü onların sağlamlığına daha çox ziyan vurur. Bu səbəbdən valideynlər övladlarının sağlamlığını qorumaq üçün onlar olan otaqda siqaret çəkməsələr, təbii ki, daha məsləhətə uyğun olar. Biz sensor perseptiv proseslərin xüsusiyyətlərini nəzərə alsaq, üç, beş və yeddi yaş dövrü ən böyük keçid mərhələsidir”.

 

S.Cəbrayılovanın sözlərinə görə , bəzi valideynlər övladlarından öncə özlərini tərbiyə etməlidirlər:

 

 “Hafizə, təfəkkür kimi idrak prosesləri formalaşır, daha təkmilləşir, mənlik şüuru formalaşır, uşaqların gələcəyini, xarakterlərini, həyatını yönləndirə biləcək davranışlar bu keçid dövründə baş verir. Erkən gənclik dövrünə kimi uşaq bir neçə yaş böhranlarından keçir (3, 7, 11 və 17 yaş). Bu yaş dövrlərində idrak proseslərinin formalaşması ilə bərabər şəxsiyyət kimi şəxsi iradi keyfiyyətlərin formalaşması dövrü olduğunu nəzərə alsaq, artıq bəllidir ki, uşaqların bu kimi davranışa cəlb olunması hansı nəticələrə gətirib çıxaracaqdır.

 

Bu dövrlərdə uşağı travma almaqdan qorumaq lazımdır, nəinki onu siqaret almağa göndərmək və ya siqaret çəkdirərək, bu davranışları video çəkərək qohum, qonşu tanışlara göndərməklə fəxr etmək. O uşaq böyüməkdə olan gələcəyin şəxsiyyətidir. Kişi modeli olaraq ata obrazı onun tərbiyəsində çox vacib rol oynayır. Nahaq yerə deyilmir ki, uşaqları tərbiyə etməzdən öncə özümüzü tərbiyə etməliyik. Uşaqlar bizim davranışımızı nümunə götürərək tərbiyə olunurlar.

 

Siqaret çəkmək, insanların səhhətinə mənfi təsir göstərən təhlükəli bir vərdiş olduğu üçün bu tərbiyə ailədən başlanmalıdır”.