Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 13:39:00
Sabiq deputat: “...Ali məktəb diplomunun önəmi qalmayacaq”    

Əvvəlki illərə nəzər saldıqda şahidi oluruq ki, peşə məktəblərinə elə də maraq yox idi. Lakin hazırda,  Elm və Təhsil Nazirliyini yaydığı statistikaya əsasən, bu say xeyli artıb. Artıq məktəbi bitirən bir çox gənc ali təhsil almağı o qədər də önəmli hesab etmir. Həmçinin, bir çoxları düşünür ki gələcəkdə artıq universitet diplomuna ehtiyac duyulmayacaq.

 

Bəs ali təhsil müəssisələrini daha prestijli etmək üçün nə etməli?

 

Sona Əliyeva: Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün  davamlı tədbirlər həyata keçirir

Mövzu ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, təhsil eksperti Sona Əliyeva vurğulayıb ki, Azərbaycanda peşə təhsilinə marağın artması olduqca sevindiricidir:

 

“Bir müddət sonra inkişaf edən cəmiyyətlərdə ali məktəb diplomunun elə də çox əhəmiyyəti qalmayacaq. İnsanları işə qəbul edərkən, onların bilik, bacarıq və səriştələri kimi dəyərlərə üstünlük verəcəklər. Təbii olaraq, universitetlərə maraq azalacaq. Ali təhsil müəssisələrini daha prestijli etmək məqsədiylə Azərbaycan üçün ən optimal variantlardan biri, dərslərdə nəzəriyyə və praktikanı balanslaşdırmaqdır. Məlumdur ki, universitetlərdə daha çox nəzəriyyəyə önəm verilir. Praktik cəhətdən tələbələrin istəkləri ödənilmir. Onu da qeyd edim ki, universitetin son kursu keçirilən praktika çox aşağı səviyyədədir. Bu həm pedaqoji, həm tibb, həm də, digər sahələrdə belədir”.

 

 

Ekspertin fikirlərinə görə, universitetlərin prestijini artırmağın digər istiqamətlərindən biri tədqiqat və innovasiya sahəsində tələbələrə geniş imkanların yaradılması ola bilər:

 

“Tələbələrin öz fikirlərini, “start-up”larını həyata keçirmək üçün imkanlar yaradılarsa, bu, həm özlərinin inkişafına xidmət edər, həm də ölkə iqtisadiyyatı üçün müsbət nəticələnər.

 

 

Düşünürəm ki, ali təhsil ocaqlarında çox güclü elmi tədqiqat mərkəzlərinin olması, əsasən də iqtisadiyyata yönələn tədqiqatların aparılması və güclü tərəfdaşlarla əməkdaşlıq universitetləri daha yüksək səviyyəyə çatdırmaq olar. Bu, tələbələr üçün praktika sahəsində də çox əlverişli ola bilər. Eyni zamanda, onların gələcəkdə asanlıqla iş tapmasına zəmin yaradacaq.

 

Ölkəmizdə çox maraqlı bir təcrübə var. Bu  “Yüksəliş” müsabiqəsidir. Burada yer tutan gənclər rəhbərlərin yanında mentorluq keçir. Düşünürəm ki, bu kimi istiqamətləri Azərbaycanda daha geniş yaymaq lazımdır. Bununla da sözügedən təcrübədən daha çox gənc və tələbə yararlana bilər”.

 

 

Onun sözlərinə görə, universitetlərdə könüllülük fəaliyyəti çox geniş yayılsa da, artıq tələbələr bu proqramı maraqla qarşılamırlar:

 

““Bir” tələbə-könüllü proqaramı birdən-birə həddindən artıq populyarlaşdığı üçün artıq əvvəlki imkanları tələbələrə təklif etmir. Bunu daha fərqli bir formada keçirmək olar. Ümumiyyətlə, universitetin öz daxilində sosial məsələlərə diqqət etmək lazımdır. Müxtəlif elmi, sosial missiya yerinə yetirən dərnəklər yaradıla bilər. Bunun universitetlər üçün olduqca böyük prestij qazandırması mümkündür. Çünki tələbələr yalnız təhsil almayacaq, bununla paralel olaraq həyat təcrübəsi qazanacaqlar”.