Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-08 15:41:00
Məktəbli geyimi: nazirlik bir, direktor isə başqa söz deyir - AJİOTAJ

Hazırda valideynlər üçün narahatlıq doğuran məsələlərdən biri məktəb formalarıdır.

 

Elm və Təhsil Nazirliyindən verilən qərara əsasən, hər bir ümumtəhsil müəssisəsi nəzərdə tutulan 4 forma içərisindən öz istəklərinə uyğun forma seçimi edə bilər.

 

Lakin onu da qeyd etmək lazımdır ki, ötən ildən aşağı siniflər yeni məktəb formaları alıb. Məktəblərdə vəzifəli şəxslərin verəcəyi qərara əsasən, həmin formalar dəyişə bilər. Bu halda isə valideynlər yenə övladlarına məktəb forması almalı olacaq.

 

İddialara əsasən, bəzi məktəb direktorlarının tikiş sexi var və mövcud vəziyyətdən istifadə edə bilər.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis İlqar Orucov qeyd edib ki, məktəb direktorlarının bu kimi hallardan sui-istifadə etməsi yolverilməzdir:

 

“Düşünürəm ki, məktəbli geyimlərinin satışı ilə bəzi insanların gəlir əldə etmə məqsədi güdmələri, bundan sui-istifadə edərək, məktəb formalarını olduğundan baha satma halları ilə bağlı mütləq şəkildə araşdırma aparılmalıdır. Əgər bu, baş verirsə, ictimayətləşdirilməlidir. Elm və Təhsil Nazirliyinin verdiyi qərarada qeyd olunub ki, hər bir məktəb özünə uyğun bir forma seçə bilər, lakin bu, o demək deyil ki, bəzi şəxslər bundan öz məqsdələrini güdsünlər. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi direktorların sözügedən vəziyyətdən istifadə hallarının qarşısını almaq üçün müvafiq addımlar atacaq. Məktəbli geyimlərinin seçimi barədə ümumtəhsil müəssisələrinə muxtariyyət verilməsi, təhsil müəssisəsini idarə edənlərin öz mənafeylərinə uyğun qərar verməsi demək deyil”.

 

 

Mütəxəssis qeyd edib ki, heç bir məktəb direktorunun tikiş sexi olmalı deyil:

 

 

“Əgər bu hal varsa, həmin direktora ən sərt şəkildə cəza tədbirləri görülməlidir. Nazirliyin qərarı ona hədəflənməyib ki, hansısa direktor tikiş sexi açsın və yaxud onlarla əlbir olsun. Bu, birmənalı olaraq qəbuledilməzdir. Açığını desəm, məndə də bununla bağlı bəzi informasiyalar var.  Düşünürəm ki, belə faktlar varsa, vacib şəkildə üzərinə düşülməlidir.  Əgər bir məktəb direktoru hansısa tikiş fabriki ilə sövdələşir, formaların qiymətlərini artırırsa və bununla bağlı digər formalarda maddiyat güdürsə, bu, müəllim, direktor əxlaqına yaraşan bir hərəkət deyil”.