Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 17:35:00
İxtisas seçimində həlledici məqam:  “...kəsilmə ehtimalı yüksəkdir” + VİDEO  

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları yekunlaşıb.

 

 

DİM-in yaydığı məlumata əsasən, ali təhsil müəssisələrinə ixtisaslaşma prosesi 16-28 avqust tarixlərində aparılacaq.

 

Məlumdur ki, abituriyentlər üçün ən vacib mərhələ məhz ixtisas seçimidir. Burada onlar düzgün seçim edərək, gözlədiklərindən də yüksək ixtisaslara qəbul oluna bilərlər və ya əksinə yanlış qərar verib, “marafonu əlləri  boş” da tərk edə bilərlər.

 

Əsas məqam seçim etməzdən öncə doğru informasiyanı toplamaq və bu barədə bilikli şəxslərə müraciət etməkdir.

 

 

AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elçin Əfəndi sözügedən prosesdə abituriyentlərə tövsiyələrini, nələri edib-etməməli olduqlarını izah edib:

 

“Bu prosesdə abituriyentlər, eyni zamanda valideynlər olduqca diqqətli davranmalıdırlar. Demək olar ki, ümumi prosesin ən qaynar nöqtəsi və həlledici məqamı məhz ixtisaslaşma dövrüdür. Çünki burada abituriyentlərin gələcək karyera imkanları, əmək fəaliyyəti, təhsil alacaqları ixtisaslara nə dərəcədə ehtiyac duyulması və s. bu kimi məsələlər var ki, mütləq şəkildə diqqətə alınmalıdır.

 

İxtisaslaşma prosesində bəzən yanlışlıqlar olur. Təbii ki, bunlar valideynlər və abituriyentlər tərəfindən edilir. Məsələn, proses başlayan anda hər kəs seçim etməyə tələsir. Düşünürlər ki, bir qədər geciksələr, yerlər dolacaq. Lakin bu tamamilə absurd fikirdir. Belə bir hall mümkün deyil. Ona görə də bu məsələdə maksimum diqqətli olmaq vacibdir. Tam araşdırma aparmalı, ondan sonra prosesi həyata keçirmək lazımdır.

 

 

Ekspert vurğulayıb ki, abituriyentlərin araşdırmalı olduğu vacib məqamlardan biri də təhsil alacaqları ixtisasa əmək bazarında tələbatın olub-olmamasıdır:

 

 

 “Həmin ixtisas ödənişli əsaslarladırsa, illik təhsil haqqı məsələsi də düşünülməldir. Bəzən elə olur ki, abituriyentlər müvafiq ixtisası seçib, qəbul olur. Daha sonra, təhsil haqqını ödəyə bilmədikləri üçün məcbur olub, universiteti dayandırırlar. Düzdür, bununla bağlı dövlət başçısı tərəfindən Təhsil Tələbə Krediti fondu  yaradılıb və həmin şirkət tərəfindən bu kimi məsələlərə müəyyən qədər də olsa, təsir var. Ötən illər 5 min nəfər ödənişə görə təhsilini dayandırırdısa, hazırda bu faiz aşağı düşüb. Amma yenə də valideynlər bu məsələdə diqqətli olmalıdır.

 

Bundan əlavə, dedi-qodu xarakterli məsələlərə inanmamaq lazımdır. Bəzən yanlışlığa yol verirlər, hər hansı bir şəxs iddia edir ki, “balınızdan 50-60 bal yuxarı yerlər yazın, mütləq düşəcəksiniz”. Bu istisna hallarda mümkün olan bir prosesdir. Amma eyni fikir əsasında, hər kəsə bunu tətbiq etmək heç də düzgün deyil. Belə olan halda abituriyentlərin müsabiqədən keçməmə ehtimalı yüksəkdir”.

 

 

 

Müsahibimiz qeyd edib ki, əksər valideyn ixtisaslar barədə məlumatlı deyil:

 

“Ona görə də kortəbii formada ixtisas seçimi aparırlar. Bu isə yekunda övladlarının həmin ixtisaslardan imtina etməsinə və ya təhsillərini bitirdikdən sonra iş tapa bilməməsinə səbəb olur. Yaxşı olar ki, sözügedən seçimi mütəxəssis fikri əsasında aparsınlar.

 

 

Həmçinin, yeni yaranan ixtisaslar var. Bunlar barədə abituriyentlər və valideynləri tam məlumatlı olmalıdır. Qeyd etmək lazımdır ki, bu ixtisaslar yaranıbsa, deməli, əmək bazarında onlara ehtiyac var. Təbii ki, mütəxəssis yanında seçim etdikləri zaman onlara bu barədə informasiya ötürəcək. Yenə də düşünürəm ki, valideynlərin özlərinin də araşdırma aparması məqsədəuyğundur”.

 

 

Əfəndinin sözlərinə görə ixtisas seçimi zamanı valideynlər və abituriyentlər mütləq şəkildə bir-birlərini başa düşüb, dinləməldir:

 

 

“Hesab edirəm ki, prosesə kənar bir şəxs çox da müdaxilə etməməlidir. Çünki burada həmin universiteti və ixtisası oxuyan məhz abituriyentdir. Bəzən görürük ki, müdaxilə yolu ilə ixtisasını seçən abituriyentlər sonradan həmin sahə üzrə oxumaq istəmirlər. Elə hallar da olur ki, müsabiqədə iştirak edən şagirdin balı müəyyən ixtisasa qəbul olmaq üçün çatmasa da, valideynin təkidi ilə seçimdə həmin ixtisasa müraciət edilir. Sonda isə abituriyent heç bir ixtisasa qəbul olmadıqda valideyn, övlad münasibətləri arasında problemlər yaranır. Ona görə düşünürəm ki, valideynlər övladlarının fikirinə mütləq önəm verməlidirlər.

 

Düzdür, bəzi hallarda elə abituriyentlər olur ki, seçdikləri ixtisas üzrə  prestijli universitetdə təhsil almaq istəyirlər. Lakin nəzər yetirdikdə görürük ki, həmin nəticə ilə dövlət sifarişli, başqa bir ali təhsil ocağında oxuya bilər. Bu zaman da valideyn və övlad arasında fikir ayrılığı yaranır. Əlbəttə, burada ailə büdcəsini nəzərə alaraq, dövlət sifarişli yerlərin seçimdə daha çox üstünlük verilməsi çox yaxşıdır. Amma bəzi abituriyentlər sanki, qəsdən valideynlərini yüksək təhsil haqqı olan universitetlərə sürükləyirlər”.

 

 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ixtisas seçimində ən vacib məqamlar plan yerləri, illik təhsil haqqı, həmçinin, seçilən ali məktəbin yaşadıqları əraziyə yaxın olub-olmaması faktorudur:

 

 

“Bəzi hallarda müşahidə edirik ki, Bakının ucqar bir nöqtəsində yaşayan abituriyent çox uzaq ərazidə yerləşən bir universiteti seçir. Belə olan halda həmin tələbə tez-tez dərsə gecikə bilər. Sonda isə qayıbları onlarda kəsrlərin yaranmasına səbəb olur. Ona görə də bu məqamlara xüsusi diqqət yetirmək vacibdir”.