Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 17:38:00
Təhsil “can hayında” direktor pul axtarır! – Deputat: “Bu, həyəcan təbilidir”  

Ötənlərdə Sumqayıt şəhəri 11 nömrəli məktəbdə vəzifəli şəxslərin qanunsuz əməlləri aşkarlanıb. Bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

 

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər 2019-2022-ci illərdə ölkə hüdudlarından kənarda olduqları vaxtda müəllimlərin onların əvəzinə dərs saatlarını tədris ediblər.  Faktiki tədris edilməyən dərnək məşğələlərin keçirilməsinə dair rəsmi sənədlərə yalan məlumatlar daxil edilib. Həmçinin laboratoriyalar mövcud olmadığı halda laborant vəzifəsinə ayrı-ayrı şəxslər işə götürülərək, əmək haqqı verilib. Bu yolla dövlət büdcəsindən ayrılmış 27 min 860 manat vəsait mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Həmçinin, ayrı-ayrı vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində dövlət tərəfindən məktəbə verilən 103 min 130 manat dəyərində inventar avadanlıq və mal-materialların məktəbin vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr yaranıb.

 

AzEdu.az məsələni aydınlaşdırmaq üçün Abşeron - Xızı Regional Təhsil İdarəsinə müraciət edib.

 

İdarədən bildirilib ki, bu məsələnin baş verdiyi dövrdə Regional təhsil idarəsi fəaliyyət göstərmirdi:

 

“Hazırda prokurorluq tərəfindən bildirilib ki, sözügedən məsələ ilə bağlı cinayət işi başlanılıb. Araşdırmanın nəticəsi də onlar tərəfindən açıqlanacaq”.

 

Bəs məktəblərə nəzarət olsa da, niyə bu kimi hallar baş verir? Görünür ya təhsil ocaqlarının fəaliyyəti ciddi şəkildə yoxlanılmır, ya da bəzi direktorlar “gözü çı an qardaşırından dərs götürmürlər”

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, direktorlar keçmişi araşdırılmadan təyin olunduğu müddətcə bu kimi hallarla rastlaşacağıq:

 

“Analoji halların baş verməsi özü-özlüyündə həyəcan təbilidir. Biz bunu çox ciddi nəzərə almalıyıq. Məlumdur ki, sözügedən hadisə ilk deyil. Ənənəvi olaraq mətbuatda hansısa məktəbin direktoru ilə bağlı bu cür halların baş verməsinin şahidi oluruq. Düşünürəm ki, direktor təyin olunan şəxsin keçmişi, necə bir insan olduğu, fəaliyyəti və s. vəzifəyə təyin olunmazdan əvvəl mütləq şəkildə araşdırılmalıdır. Eyni zamanda, burada tanışlıq, dostluq, qohumluq və digər məsələlər rol oynamamalıdır”.

 

Deputat qeyd edib ki, direktor təyinatına çox həssas yanaşılmalıdır:

 

Fəaliyyətində şübhələr və neqativ hallar olan şəxslər Direktorların İşə Qəbulu (DİQ) imtahanından keçsə də, vəzifəyə təyin olunmamalıdır. İmtahandan keçə bilər, lakin bu o demək deyil ki, direktor olaraq fəaliyyəti yaxşı olacaq”.

 

C.Məmmədov məsələnin həll yollarında da söz açıb:

 

“İkinci bir məqam isə məktəblərdə maliyyə məsələlərinə çox ciddi nəzarət olunmalıdır. Elə bir mexanizm işlənməlidir ki, bu cür halları yaşamayaq.  Mərkəzləşdirilmiş maliyyələşmə sistemi nəzərdə tutulmalıdır. Vəsaitlərin düzgün xərclənməsi üçün davamlı monitorinqlər, müşahidələr və yoxlamalar həyata keçirilməlidir ki, yenidən arzuolunmaz halların şahidi olmayaq”.