Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 15:27:56
I qrupun əlaçısı : “Önəmli olan az, amma keyfiyyətli dərs oxumaqdır”

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərənlərdən biri  Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin şagirdi Əliyeva Məhin Arif qızıdır.

 

Belə ki, o qəbul imtahanından 397 bal toplayıb. Ümumi nəticəsi isə 686.7 baldır.

 

AzEdu.az bu uğuruna görə Mehin Əliyevayla əlaqə saxlayıb.

 

O, öz təssüratları, gələcək planları və tövsiyələri barədə danışıb:

 

“İmtahan nəticəmi eşidəndə çox sevindim. Qəbul imtahanından 397 bal toplayacağımı öncədən hesablamışdım. Çünki DİM imtahandan sonra cavabları elan edir. Mənim üçün gözlənilən nəticə idi. Amma ixtisas qrupum üzrə ən yüksək nəticə olacağımı gözləmirdim. Bunu görmək məni hədsiz sevindirdi. Özümü çox xoşbəxt hiss edirəm ki, həm mənim üzərimdə böyük əməyi keçən müəllimlərimin, həm də valideynlərimin ümidini doğrulda bildim”

 

M.Əliyeva qeyd edib ki, blok imtahanından yalnız 1 səhvi olub:

 

“Qəbul imtahanından bir səhvim oldu. O isə informatika fənnindən açıq tipli sual idi. Bir çox yüksək nəticə göstərən abituriyentin seçdiyi ali təhsil ocağı olaraq Bakı Ali Neft Məktəbində təhsil almaq istəyirəm. İxtisasımı isə İnformasiya Texnologiyaları üzrə olaraq qərarlaşdırmışam”.

 

Abituriyent həmyaşıdlarına tövsiyələrini də dilə gətirib:

 

“10- cu sinifdən başlayaraq,  imtahanlara hazırlıq üçün repetitor yanına gedirdim. Bu zaman içərisində vaxtımı təkcə dərslərə ayırmırdım. Ümumiyyətlə, mən bunu heç kimə tövsiyə etmirəm. Çünki bütün gün dərs oxuduğunuz halda insan özünü yorğun hiss edir. Bu zaman dərslərə daha həvəsli hazırlaşmaq da mümkün olmur. Ən önəmli olan daha az, amma keyfiyyətli dərs oxumaqdır. Belə olduğunda həm şəxsi həyatına ayıracaq zaman olur, həm də dərs oxuma həvəsi yaranır”.