Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 17:29:54
3-cü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADA Universitetində üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.


AzEdu.az
 xəbər verir ki, tədbir “Yüksəliş” müsabiqəsinin təsis olunmasının 4 illiyi münasibətilə iyulun 26-da keçirilib.

Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, tədbirin xüsusi qonaqları çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar müsabiqənin uğurlu təşkili barədə danışıb, üçüncü dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

Üçüncü “Yüksəliş” müsabiqəsinin 22 qalibi Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, tədbirin xüsusi qonaqları tərəfindən diplomla təltif ediliblər.

Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub.