Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 11:38:45
Özünə dərs keçən tələbədən MARAQLI AÇIQLAMA: “Uzun dəftərim var idi...”

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərlə bölüşməsidir.

 

Saytımızın büdəfəki müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi Nərgiz Quluzadədir.

 

N.Quluzadənin sözlərinə görə bu yolda abituriyentlər stressə girməməli, heç  bir durum onları ruhdan salmamalıdır:

 

“Abituriyentlik dövrü hər birimiz üçün həm çətin, həm də unudulmazdır. Düşünürəm ki, sonu yaxşı olmasını istədiyimiz hər şey üçün çətinlik çəkməyimiz normaldır. Bu səbəbdən abituriyentlər bu çətinliyi görüb qorxmamalı, daha çox həvəslənməlidirlər. 11-ci sinifdə oxuyanda heç kəsin bilmədiyi, birdən-birə peyda olaraq daha sonra bütün dünyanın əziyyət çəkdiyi Kovid-19 yayıldı. Mart ayı idi, bizə bir neçə həftəlik tətil olacağını, sonra yenidən məktəbə qayıdacağımızı söylədilər. Ancaq biz bir daha məktəbə qayıda bilmədik. Düşünək ki, bütün dünya bundan əziyyət çəkir və məktəblər bağlıdır. Məktəbə getmədim, hətta bir neçə ay çəkdi ki, biz ölkə olaraq onlayn təhsilə keçə bilək. Çölə çıxmaq olmaz, məktəbə getmək olmaz, məşğələyə gedə bilmirik və tək ümidimiz artıq özümüzə idi. Müəllimlərim olmadan ruhdan düşməyib imtahanıma hazırlaşırdım. Çünki bilirdim, nə qədər çətin bir dövr olsa da, sonda yaxşı nəticəm olmasa, mən əziyyət çəkəcəm. Bu hekayəni danışmaqda məqsədim odur ki, abituriyentlərə hər çətinlik bizlər üçün bir mərhələdir, keçiddir. Bunun üçün ruhdan düşməyə dəyməz, əksinə o çətinliyin üzərinə getmək lazımdır. Özün üçün, ailən üçün və ən əsası xəyalların üçün”.

 

Tələbə , ali məktəbə necə hazırlaşmasına dair məlumat verib:

 

“Gün ərzində məktəbdə, məşğələdə olduğum saatlarda otağıma girib, müəllimim necə dərs keçəcəkdisə, elə dərs keçdim özümə. Bu bəlkə qulağa gülməli, ya da inandırıcı gəlməz, lakin mən bunu bacardım. Hətta sual-cavab etmək üçün yoldaşlarıma internet vasitəsilə görüntülü zəng edib, o vasitə ilə təkrar edirdik. Bir uzun dəftərim var idi, o dəftərdə hər günə nə oxumalı, nə təkrarlamalı, hansı testlər yazmalı olduğumu qeyd edirdim. Bunları etdikcə qarşılarına hazır işarəsi qoyurdum. Hər o işarəni qoyduqca sanki öz məqsədimə çatırdım. Bununla da özüm evdə tək, bəzən onlayn yoldaşlarımla oxumalı olduğum proqramı bitirdim. Əziz abituriyentlər, bu yolda qarşınıza çıxacaq bütün çətinliklərin keçici olacağını bilin. Dərslərinizi planlı oxumağa üstünlük verin. Mənim o “dəftərçəm” kimi bir dəftər tuta bilərsiniz.

 

 Bunun üçün öz müəllimlərinizdən də dəstək ala bilərsiniz. Sizi kənardan ruhdan salacaq insanlar da olacaq. Lakin onların sadəcə sizi aşağı çəkəcəyini bilin və onlara qalib gəlin. Bu hətta sizin ailəniz də ola bilər, sizə inanmayan müəllimləriniz də ola bilər. Ancaq bunu bilin sizə inanmalı olan tək insan varsa, o da elə sizsiniz. Yolunuzdan dönməyin, hədəfinizə doğru irəliləyin. İmtahan prosesində isə tək özünüzü fikirləşin. Bu proses boyunca ailə, müəllim və öz yoldaşlarınızı düşünsəniz, bu sadəcə sizin stresslənməyinizə səbəb olar. Sadəcə sualları oxuyun və onlara köklənin. Düşünün ki, burada düşünəcəyiniz əlavə şeylər sizi uçuruma apara bilər…

 

“Brend tələb” vurğulayıb ki, sırf ailəniz istəyir deyə sevmədiyiniz ixtisas üzrə təhsil almayın:

 

“İxtisas seçimində isə çox diqqətli olmaq lazımdır. Bu seçim zamanı öz istəklərinizə yönəlin, təbii ki, ailə tövsiyəsini də dinləmək lazımdır. Lakin ailəniz istədiyi üçün istəmədiyiniz bir ixtisasa daxil olmayın. Bunun üçün ortaq qərar verin. Harada özünüzü görürsünüzsə, harada daha faydalı olacaqsınızsa, orada olun. Özünüzü, vətəninizi sevin. Vətəninizə layiq bir insan olun. Əziz abituriyentlər, hər birinizə uğurlar arzu edirəm. Unutmayın bu yolda təksiniz və siz bacaracaqsınız”.