Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 10:33:23
Yeni ixtisaslara uyğun pedaqoji heyət və dərsliklər varmı? - AÇIQLAMA  

Son vaxtlar Azərbaycanın bir çox ali təhsil müəssisəsində yeni ixtisas və ixtisaslaşmalar açılır.

 

Tələbələrin bu günə qədər ən çox çətinlik çəkdiyi mövzulardan biri də dərsliklərlə bağlıdır. Onlar çox zaman keçdikləri fənn üzrə dərsliklərin yerli-yerində olmaması ilə bağlı narazılıqlarını bildirirlər.

 

Bəs vəziyyət belədirsə, açılan yeni ixtisas və ixtisaslaşmalar üzrə yeni dərs vəsaitləri varmı və yetərlidirmi?

 

 Niyə kurikulumun ləğv olunmasını istəyirik?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Bakı Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru, təhsil  eksperti Elçin  Süleymanovun sözlərinə görə, universitetlərdə yeni ixtisaslar açılarkən mütləq şəkildə buna hazır olub-olmamaları konkretləşməlidir:

 

“Mövcud qanunvericiliyə görə ali təhsil müəssisələrində yeni ixtisas və ixtisaslaşma açılarkən həmin universitetin professor, müəllim heyətinin tərkibi, ümumi olaraq təhsil ocağının infrastrukturu diqqətə alınmalıdır. Və əgər bununla bağlı hər hansı problem varsa, yaxud ali məktəbin maddi-texniki bazası buna imkan vermirsə, həmin ixtisas və ixtisaslaşmaların açılması yolaverilməzdir. Son illərdə artıq bu prosesə diqqət edirlər. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yeni açılacaq ixtisasa görə universitetin maddi- texniki bazası və pedaqoji heyətinin səviyyəsi nəzərə alınır.

 

Ekspert onu da vurğulayıb ki, artıq informasiya dövrüdür və hər bir ixtisas üçün təhsil materiallarını müxtəlif mənbələrdən tapmaq mümkündür:

 

“Lakin kontekstin formalaşması üçün universitetdə çalışan təhsil işçiləri də müəyyən işlər görməlidir. Ən azından tələbələr üçün istifadə edə biləcəkləri dərs materialları və ya internet resurslarını təqdim edə bilərlər. Qeyd etdiyim kimi, artıq internet və elektron resurslar kifayət qədər çoxdur, amma bu vasitələri tədris proqramına uyğunlaşdırmaq vaxt aparan prosesdir. Düşünürəm ki, ali təhsil ocağının professor-müəllim heyəti tək və ya qrup halında müxtəlif dərslik, metodik vəsait hazırlaya bilər.

 

Qeyd etdiyim kimi, ixtisasın yeni olması müəyyən qədər resurs qıtlığı və məhdudluğu problemini ortaya çıxarır, çünki köhnə ixtisaslarda uzun illərdən bəri formalaşan bir tədris resursu var. Amma yeni ixtisaslarda bunun olması üçün  zamana ehtiyac olur. Bu səbəbdən, həmin ixtisasa uyğun spesfik tədris vəsaiti hazırlanana qədər sözügedən sahəyə yaxın materiallardan istifadə etmək məqsədəuyğundur. Və ya məlumatlar xarici mənbələrdən tərcümə edilə bilər. Amma ümumi olaraq desək, elə bir dövrdə yaşayırıq ki, əldə edə bilməyəcəyimiz informasiya yoxdur. Sadəcə olaraq, hansı dərslər və mövzuların keçirilməsi müəyyənləşməli, ona uyğun informasiyalar axtarılmalıdır”.