Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 08:10:00
Tənqid - “Özəl bağçalarda təlim proqramı çox ağırdır”  

 “Bu həmin müəssisələrin daha keyfiyyətli tədris aparması demək deyil”

 


“Əgər 3 yaşlı uşağa həm ingilis dili, həm savad təlimi verib, həm də yazı bacarıqlarını aşılamaq lazım olduğu hesab olunursa, bu, yanlış düşüncədir”

 

 

 

Özəl bağçalar cəmiyyətdə müsbət rəy formalaşdıra biliblər. Sosial şəraiti yaxşı olan əskər ailə övladlarını özəl bağçalara yerləşdirir. Yanaşma bundan ibarətdir ki, özəl bağçalarda təhsil proqramı və qida rasionu Avropa standartlarına cavab verir. Onlar əlavə yaradıcı məşğuliyyətlər təklif edir. Amma dövlət bağçaları ilə bağlı bunları iddia etmək olmur. Hətta bəzən ictimai qınaqların da şahidi oluruq ki, dövlət bağçalarının təhsil proqramı yenilənmir, qida rasionu ürəkaçan olmur.

 

 

Biz də AzEdu.az olaraq bağçaların “ana məktəb” olduğunu nəzərə alıb, bu məsələni yenidən gündəmə gətirdik.

Doğrudanmı özəl bağçalar, dövlət bağçalarından daha keyfiyyətli təhsil verir?

 

 


Sualımızı cavablandıran məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova AzEdu.az-a bildirib ki, özəl bağçalarda təhsilin daha keyfiyyətli olduğu düşünülürsə, bu, yanlış yanaşmadır:

 

 


“Bağçalarda mütəxəssislər işləyir. Dövlət bağçalarında işləyən tərbiyəçilərin minimum 5 il stajı var. Müdirlərin də eynilə 5-20 il təcrübəsi olanlar var. Uşaq bağçalarında təhsil tam yüksək səviyyədə həyata keçirilir. Yəni proqramın tələbinə uyğun tədris aparılır.

 


Mən özəl bağçalarla da əlaqəliyəm. Müəyyən məsələrlə bağlı məsləhət üçün dəvət almışam. Daim əlaqələrimiz saxlanılır. Bunun üçün də məsələ ilə əlaqəli hər iki tərəflə bağlı bir qədər məlumatım var. Biz 1 yaşdan 6 yaşa qədər hər bir azyaşlı üçün proqrama uyğun təlim prosesini təşkil edirik. Əgər 3 yaşlı uşağa həm ingilis dili, həm savad təlimi verib, həm də yazı bacarıqlarını aşılamaq lazım olduğu hesab olunursa, bu yanlış düşüncədir”.

 

 


A.Əhmədova dövlət bağçalarındakı tədrislə bağlı məlumat verərkən vurğulayıb ki, hər yaş qrupunun fərqli təlim müddəti olur:

 


“Mən doktorantura bitirmişəm, bu barədə 20-dən çox məqaləm var. Bunları tədqiqatlara əsasən deyirəm. Özəl sektorda olan bağçalar üzdən nə qədər iş gördüklərini deyirlər. Ancaq gəlin görək, uşağı bu qədər yükləməklə nəyə nail olunur? Son nəticə nədir? Bunlar mənim ideyalarım deyil. Akdemiklər olan Pavlovun, Uşinskinin, Yəhya Kərimovun, Laləzar Cəfərovanın, Raya Musaqulovanın tədqiqatlarının nəticələridir.

 


Hər yaş qrupunun fərqli təlim müddəti olur. Məsələn 3 yaşlı uçağın təlim müddəti 15 dəqiqədir. Yaş proqramına da uyğun olaraq uşağın çox yüklənməsi düzgün deyil. Dövlət bağçalarında olduqca keyfiyyətli təşkil olunmuş tədris prosesi var”.

 


Müsahibimiz əlavə məşğuliyyətlər təklif edən özəl bağçaların təlim proqramı daha ağır olduğu qənaətindədir:

 


“Özəl bağçalarda əlavə olaraq ingilis dili, gimnastika, ayrıca rəqs dərnəkləri və s. əlavə məşğuliyyətlər var. Bununla onlar dövlət bağçalarından fərqlənir. Hesab edirəm ki, özəl bağçalarda təlim proqramı çox ağırdır. Bu həmin müəssisələrin daha keyfiyyətli tədris aparması demək deyil”.

 


A.Əhmədova son olaraq valideynlərin istəkləri ilə bağlı təklif irəli sürüb:

 


“Valideynlər övladının əlavə dərnəklərdə də fəaliyyət göstərməsini istəyirlərsə, dövlət həmin dərnəklərin təşkilini həyata keçirsin və könüllü şəkildə ödənişli əsaslarla həmin dərnəklərə uşaq yerləşdirmək mümkün olsun”.