Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 16:54:58
“İxtisas seçimi qəbulun ən çətin mərhələsidir” – Nələrə diqqət edilməli?  

Məlumdur ki, ali təhsil müəssisələrinə qəbulun ən vacib mərhələsi məhz ixtisas seçiminin düzgün aparılmasıdır.

 

Mütəxəssislər bildirir ki, abituriyentlər ixtisas seçimi edərkən yığdıqları balı və oxumaq istədikləri ixtisası əsas götürməlidir. Hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi ixtisas seçimi zamanı müşahidə etdiyi məqamalara diqqət çəkib:

 

“İxtisaslaşma dövrü elə bir mərhələdir ki, bu imtahan verənlər üçün ən strateji nöqtədir. Və bu zaman abituriyentlərlə yanaşı, valideynlər də çox diqqətli olmalıdırlar. İxtisas seçimi özbaşına verilən qərarla edilməməlidir. Əgər biz nəzərə alsaq ki, abituriyentlər 4 il ərzində məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək karyera imkanları məhz bu ixtisasdan asılıdır, ona görə də demək olar ki, bu prosesin ən məsuliyyət tələb edən mərhələsi məhz ixtisaslaşma seçimidir.

 

Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu zaman bir çox abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Bu hardasa 70, 80 faiz imtahan verənin hədəfidir. Yerdə qalanlar isə konkret olaraq  bilirlər ki,  onlar hansı ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul olacaqlar”.

 

E.Əfəndi qeyd edib ki, proses zamanı valideynlərin çoxu, övladlarının topladığı baldan yüksək ixtisasları seçirlər:

 

“İxtisas seçiminə gələn valideynlərin böyük bir hissəsi övladlarının daha prestijli və prespektivli ixtisaslara qəbul olmasını istəyirlər. Halbuki, uşağının topladığı bal həmin ixtisaslara qəbul olmaq üçün kifayət etmir. Bu sahələri ixtisas seçimində yazdıqda, nəticə heç də ürəkaçan olmur”.

 

Müsahibimiz ixtisas seçimi zamanı müraciət olunan mütəxəssislərin göstərdikləri istiqamətlərdən söz açıb:

 

“Müvafiq olaraq  mütəxəsisslərin istəyi ondan ibarətdir ki, həm abituriyentin, həm valideynin, həm də ümumi prosesin məntiqi sonluğu müsbət dəyərləndirilsin. Yəni, hər kəs real mənzərə əsasında qərarlarını verə bilsin. Ola bilər ki, abituriyentin istəyi böyükdü, amma onun faktiki nəticəsi proses zamanı bu seçimi etməyə imkan vermir. Və yaxud balı çatırsa da, ödənişliyə düşmə imkanı ola bilər, lakin ailəsinin buna imkanı çatıb-çatmayacağını mütləq bilmək lazımdır. Bütün bu amillərə diqqət yetirmək vacibdir.

 

Əgər valideynlər övladları üçün ixtisas seçimində mütəxəssisə müraciət ediblərsə, yaxşı olar ki, onun fikirlərinə hörmətlə yanaşsınlar. Yəni, övladlarının real şəkildə hara qəbul olacağını qəbullansınlar.

 

O, qeyd edib ki, ixtisas seçimindən öncə əmək bazarı araşdırılmalıdır:

 

“Proses zamanı hansı ixtisaslara tələbat olduğu və seçilən ixtisasın abituriyentin gələcək karyera imkanlarına nə dərcədə təsir göstərəcəyimi müəyyənləşdirmək lazımdır. Həmçinin, ödənişli əsaslara düşənlər, həmin təhsil haqqını 4 il boyu ödəyə biləcəklərmi deyə düşünməldir. Daha sonra tədrisi ingilis və rus dilində seçən abituriyentlər təhsil aldıqları müddətdə bu dillərdə çətinlik çəkib-çəkməyəcəyini əvvəlcədən düşünməlidirlər. Bütün bu detallar diqqətlə incələnməli və ondan sonra müvafiq ixtisaslar qeyd olunmalıdır. Yenə də qeyd edirəm, bu proses ali təhsil müəssisələrinə qəbulun ən çətin, diqqət tələbedici mərhələsidir”.