Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 08:24:57
Sertifikatlaşdırma göstərdi: “Ali təhsilin keyfiyyəti artırılmalı və...”


Müəllimlərin iş keyfiyyətinin yoxlanılması məqsədilə keçirilən sertifikasiya imtahanlarından aşağı bal toplayan müəllimlər var. Məsələn, Azərbaycan dili və ədəbiyyatı üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlərin 8 faizi 0-29 bal toplayıb, bu, 674 nəfər deməkdir. Bu imtahanda 30-50 bal toplayanlar 62 faiz, 51 bal həddini keçənlərsə 30 faiz təşkil edir. İbtidai sinif üzrə sertifikasiya imtahanlarında isə müəllimlərin 55 faizi 30-50, 35 faizi 0-29, 10 faizi isə 51 və yuxarı bal toplayıb. 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb.Aşağı nəticələrin olması ilə bağlı gah Elm və Təhil Nazirliyi, gah müəllimin çalışdığı müəssisəsi, gah da müəllimin özü günahlandırıldı. Ancaq müəllimin təhsil aldığı universitetlərin bu məsələdəki məsuliyyətinə lazımi diqqət yetirilmədi.

 

 

Sertifikasiyadan aşağı bal toplayan müəllimlərin nəticəsi ilə bağlı onların təhsil aldığı müəssisə nə qədər məsuliyyət daşıyır?

 

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov düşünür ki, sertifikasiya nəticəsi aşağı olan müəllimlə bağlı ən böyük məsuliyyət elə ilk növbədə ali təhsil müəssisəsinin üzərinə düşür:

 

 

“Mən öz səhifəmdə bu məsələyə münasibət bildirmişdim. Biz hazırda sertifikasiyanı müəllimlərin iş keyfiyyətinin yoxlanılması üçün keçiririk. Ancaq heç kim ali təhsilin keyfiyyətinin, məzmunun artırılması barədə danışmır”.

 

 

Parlamentari aşağı bal toplayan müəllimlərin oxuduqları ali təhsil müəssisəsi ilə bağlı hansı tədbirlərin görüləcəyi ilə bağlı məlumat verilməməsindən narazıdır:

 


“Onlar hansı təhsil müəssisəsinin məzunları olduğu bilinir. Lakin həmin təhsil ocaqları ilə bağlı hansı tədbirin görüləcəyi ilə bağlı məlumat verilmir. Müəllimlərin bilik səviyyəsinin aşağı olması ilə bağlı ən çox məsuliyyət daşıyan elə universitetlərimizdir.

 

 

C.Məmmədov qəti şəkildə bildirib ki, ali təhsilin keyfiyyəti artırmalı və sertifikasiya da təhsilin məzmununun artırılmasına paralel olaraq aparılmalıdır:

 

 

“Yəni biz vəsait ayırır, tələbələrin təhsil almasına kömək edirik. Daha sonra yenə vəsait ayırıb onları sertifikasiyadan keçiririk. Mərhələli şəkildə elə bir sistem qurulmalıdır ki, sertifikaisyaya ehtiyac olmasın”.