Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 12:04:17
“Müəllimliyi seçən kişilər hərbi xidmətdən azad olunsunlar!” - TƏKLİF  

Orta məktəblərdə fəaliyyət göstərən kişi müəllimlərin nəzərə çarpacaq qədər az olması zaman-zaman gündəmə gələn məsələlərdən biridir.

 

 

Bir çoxları kişi müəllimlərin az olmasına ciddi problem kimi yanaşır. Və tez bir zamanda sözügedən məsələ ilə bağlı tədbirlər görülməsinin vacib olduğunu qeyd edir.

 

Lakin hazırda gördüyümüz mənzərə odur ki, məktəblərdə kişi müəllimlərin sayı barmaqla sayılacaq qədərdir.

 

 Bu il universitetlərdə yerlərin çoxu boş qalacaq

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli vurğulayıb ki, kişi müəllimlərin azlığı Azərbaycanda çox ciddi bir problemə çevrilir:

 

“Bu məsələ vaxtaşırı gündəmə gəlir. Düşünürəm ki, mövcud durum ciddi fəsadlara yol aça bilər. Xüsusən də, psixoloqlar dəfələrlə qeyd ediblər ki, kişi müəllimlərin sayının az olması oğlan şagirdlərə mənfi təsir göstərir.

Həmçinin, kişi müəllimlərin artması üçün müxtəlif təkliflər irəli sürülür. Bunlardan birincisi odur ki, Azərbaycanda sovet dönəmində, kənd məktəblərində işləyən kişi müəllimlər hərbi xidmətdən azad olunurdular. Keçmiş SSR-nin Müdafiə Nazirliyi ilə Təhsil Nazirliyi arasında belə bir qayda tərtib olunmuşdu. Bu qaydanın yenidən tətbiq olunması irəli sürülür. Daha sonra qeyd edirlər ki, kişi müəllimlər üçün müəyyən imtiyazlar verilə bilər. Elə bir imtiyaz ki, bu sayədə onlar müəllimlik ixtisasına daha həvəs və maraq göstərə bilsinlər". 

 

Ekspertin sözlərinə görə, müəllimlərin aldığı əmək haqqı heç də az deyil:

“İndiki dövrdə kişilər evi dolandırmaq üçün daha azad qrafikli iş və yaxud çox gəlir qazana biləcəkləri sahələrə üstünlük verirlər. Amma açıq danışsaq, son vaxtlar müəllimlərin də kifayət qədər yüksək maaş aldıqlarını deyə bilərik. Diaqnostik qiymətləndirmə, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarını yaxşı keçən müəllimlər bugünkü günün tələbinə uyğunlaşan əmək haqqı alırlar".  

 

M.Məmmədli kişilərin müəllimliyə cəlb olunması üçün müxtəlif təkliflər irəli sürüb: 

 

“Yenə də kişilərin müəllim kimi işləməsi üçün həvəsləndirmə tədbirləri görülə bilər. Bayaq da qeyd etdiyim kimi, bu sahəni seçən oğlanların hərbi xidmətdən azad olunması, kənd yerində olanlar üçün torpaq sahəsi verilməsi, əlavə vaxtlarında təsərrüfatla məşğul olsunlar deyə onlara əkin-biçinlə bağlı fürsət yaradılması yaxşı nəticələnə bilər. Həmçinin, onlara həvəsləndirici kreditlər verilə bilər. Bu variantlar gündəmə gəlsə, geniş müzakirəyə çıxarılsa, düşünürəm ki, effektiv nəticə əldə etmək mümkündür. Amma bütün hallarda bu azalmanın qarşısını almaq üçün mütləq şəkildə dövlət səviyyəsində hansısa bir tədbir görülməldir”.