Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-01 10:15:04
“Yüksəliş”in yarımfinal mərhələsinə start verilib

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.

 

 

AzEdu.az xəbər verir ki, “Bakı Ekspo Mərkəzi”ndə baş tutan müsabiqənin yarımfinal mərhələsində “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edirlər.

 

 

Əyani mərhələni uğurla başa vurmuş 343 namizəd yarımfinalda mübarizə aparır.

 

 

İştirakçıların mübarizəsi keyslər üzərindən davam edəcək və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir. Namizədlərin səriştələrinin qiymətləndirilməsi onlara verilən tapşırıqlara yanaşmanın təhlili üzrə aparılır. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. Yarımfinal mərhələsi 2 iyul tarixində tamamlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları qarşıda final mərhələsi gözləyir. Müsabiqənin final mərhələsi 15-16 iyul tarixlərində baş tutacaq. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.

 

Qeyd edək ki, 17 fevral 2023-cü il qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 13474 iştirakçı müraciət edib. “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.