Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-03 15:45:00
“Alimlər AMEA-ya toplaşıb, gün keçirməklə məşğuldurlar, bizdə fundamental elm yoxdur” – Partiya sədrindən sərt yanaşma  

İqbal Ağazadə -“AMEA paylaşdırılmalı, institutları bu dövlət qurumlarına birləşdirilməlidir” 

Dünyanın ən nüfuzlu mükafatlarından sayılan və 6 nominassiyada təqdim olunan Nobel mükafatının builki sahibləri artıq bəlli olur. Belə ki,  2018-ci il Tibb və Fiziologiya, həmçinin, Fizika sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Hər zaman Azərbaycan alimlərinin bu mükafatın əsas namizədləri sırasında olub-olmaması diqqət mərkəzinə çəkilib. Bu istiqamətdə xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rolu qiymətləndirilir. Düşünülür ki, akademiyada fəaliyyət göstərən alimlər heç zaman Nobel mükafatı almayacaq,  yaxud, bu  mükafata iddialı ola bilməzlər.

Sabiq deputat, Ümid Partiyasının sədri  İqbal Ağazadə AzEdu.az-a danışarkən Azərbaycanda elmə investisiya qoyulmadığını bildirib.

Onun fikrincə,  Nobel mükafatı almaq  ədəbiyyat, humanitar sahələr istisna  olmaqla, daha çox uzun illərin tədqiqatı, əməyi, investisiya qoyuluşunu tələb edir:

“Bu məsələdə təkcə fərdləri günahlandırmaq  lazım deyil, məsuliyyəti dövlət öz üzərinə götürməlidir. Dövlət müstəqilliyimizdən bu yana yüksək peşəkar kadrların hazırlanması üçün dünyanın ən aparıcı universitetləri ilə  əməkdaşlıq etməklə yanaşı, sistemli şəkildə ölkəyə yeni düşüncə təfəkkürlü , savadlı insanların təhsil alıb geri qayıtmasını da təşkil etməli idi.

Bu gün Elmlər Akademiyasında fəaliyyət göstərənlər sadəcə, tədrisdən və ya dinamik həyatdan kənarda qalan adamlardır. Böyük əksəriyyəti AMEA-ya toplanıb gün  keçirməklə məşğuldurlar. Azərbaycanda fundamental elm yoxdur”.

İ.Ağazadə qeyd edib ki, Elmlər Akademiyasının idarəetmə və struktur fəlsəfəsi dəyişməlidir:

“AMEA-nın  bu məsələdə heç bir məsuliyyəti yoxdur. Qanunla yeni bir sistemə keçid edilməli, Elmlər Akademiyası paylaşdırılmalıdır. Məsələn, akademiyanın neft, geologiya, minerologiya və başqa bu tipli institutları  Dövlət Neft  Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında  bölüşdürülməlidir. Onların sifarişi yerinə yetirilməli,  praktik elmlə nəzəri elmin qarşılaşması və bu kimi məsələlər həll edilməlidir. Humanitar sahələr Təhsil Nazirliyi ilə birləşdirilməli və  elmə sifarişi doğru-dürüst həyata keçirilməlidir”.

Müsahibimizin sözlərinə görə, hər şeyi təkcə Elmlər Akademiyasının üzərinə yıxmaq lazım deyil:

“Dünyanın elm sistemində bəlkə də yeganə  dövlətik ki, adamlar  pul verib müdafiə edir, nəinki, müdafiə etdiyi elmi işə görə dövlət ona pul vermir. Belə bir bərbad vəziyyətdir. Ona görə hər şeyi təkcə Elmlər Akademiyasının üzərinə yıxmaq lazım deyil. Dövlət sistemi düzgün qurmalıdır. Digər tərəfdən hər kəs öz bacarığını, qabiliyyətini bilir. Bəllidir ki, dünya elmi ilə rəqabət aparmaq üçün uzun illərin tədqiqatı, laboratoriya sınaq təcrübələri  olmalı və bu, sübut edilməlidir, Nobel mükafatı elə bir yenilikdir ki, onu dünya elmi təsdiqləməlidir”.