Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 19:20:51
Direktordan sabah imtahan verəcək müəllimlərə ÇAĞIRIŞ: Bunları unutmayın!  

 

 Sabahdan etibarən 4 gün müddətində müəllimlərin sertifikasiya imtahanı keçiriləcək.

 

AzEdu.az-a açıqlama verən Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli sabah və digər günlərdə  imtahan verəcək müəllimlər üçün çox vacib tövsiyələr verib. O qeyd edib:

 "Əsas çağırışımız ondan ibarətdir ki, qeydiyyat prosesinə gecikməsinlər. Müəllimlər üçün qeydiyyatın başlama və bitmə müddəti vurğulanıb. Bundan başqa, xüsusi olaraq şəxsiyyət vəsiqələrini və çağırışları unutmamalarını xahiş edirik. İmtahanlar 3-4 gün davam edəcək və müxtəlif mərkəzlərdə həyata keçiriləcəkdir. Müəllimlər imtahan öncəsi həyəcandan imtahan vaxtlarını və ya imtahan mərkəzlərini qarışdıra bilirlər. Çıxarışların  məqsədi də ondan ibarətdir ki, müəllimlər qeyd etdiyim məlumatların üzünü köçürsələr və əllərində olsa, belə hallar baş verməz.

 

 

Bir digər xahişimiz isə özləri ilə əlavə əşyalar gətirməmələridir. Bütün mərkəzlərimizdə əlavə gətirilən əşyaların paketlənməsi üçün lazımi bağlamalar var. Ancaq nəzərə almaq lazımdır ki, bu əlavə zəhmətdir. Regionlardan gələn müəllimləri başa düşmək olar".

 

N.İsmayılbəyli müəllimlərin imtahana tək gəlmələrini məqsədəuyğun hesab edir:

 

"Qeyri-sabit, xüsusən isti keçən hava şəraitini nəzərə alaraq ailə üzvlərini özləri ilə gətirməmələri daha yaxşı olardı. İmtahan müddəti uzundur. Bu vaxt ərzində çöldə gözləyən şəxslər narahat qalırlar. Sözsüz, həmin şəxslər üçün də mərkəzimizdə su və s. kimi xidmətlər göstərilir. Qeyd etmək lazımdır ki, imtahanda olan şəxs də çöldə onu gözləyən birinin olduğunu düşünüb daha da narahat olur. Bu da onun imtahan nəticələrinə mənfi təsir göstərə bilər.

 

İmtahan prosesində isə sualları diqqətlə oxumağı tövsiyə edirik. Suallarla bağlı təlimat videolarımız da mövcuddur.

 

Müşahidə etdiyimiz qədəri ilə əsas problemlərdən biri zamanın düzgün bölünməməsidir”.

 

 

Mərkəz direktoru son olaraq müəllimlərin imtahandan sonra təmkinli olmasını və bitirdikdən sonra yanlış qiymətləndirilən suallara yenidən nəzər yetirmələrini xahiş edir:

 

 

"Bəzi müəllimlər olur ki, 55 bal topladığını bilib, dərhal eyforiyaya qapılır. Amma onlar zalı tərk etmək yerinə, yanlış cavablandırdığı sualları nəzərdən keçirə bilər. Bunun, onlar üçün sonrakı mərhələdə yararlı olması mümkündür".