Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 14:41:00
Azərbaycan Universitetində seminar: “Hər insan dəyərlidir”

Azərbaycan Universitetində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hər insan dəyərlidir” mövzusunda dəyirmi masa keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbirdə iştirakçılar Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsi, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva və Dövlət Miqrasiya Xidməti yanında ictimai şuranın sədri Azər Allahverənovun mövzunun müxtəlif aspektlərinə dair məruzələrini dinləyib, onları maraqlandıran sualları ekspertlərə ünvanlayıblar. 

 

Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva açıb. Məruzəçiləri müəllim və tələbə heyətinə təqdim edən kafedra müdiri qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri insan hüquqlarının təmin olunmasıdır.  Öz fəaliyyətində insan hüquqlarını əsas meyar kimi rəhbər tutan ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Yenə ümummilli liderin təşəbbüsü ilə 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olunub. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə həmin Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında “İnsan Hüquqları Günü” kimi təsis edilib. 

 

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva məruzəsində “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində görülən işlər haqqında məlumat verib. 

 

Əlilliyi olan şəxslərin hüquqlarının müdafəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxışında ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair fəaliyyəti haqqında məlumat verib. Aytən Tarverdiyeva qeyd edib ki, ombudsman aparatı bu sahədə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir. 

 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun məruzəsi qaçqın və məcburi köçkünlərin, o cümlədən miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı, yaşayış yerinin yaxşılaşdırılması, sosial, tibbi, məşğulluq, təhsil və digər sahələrdə problemlərinin həll edilməsi istiqamətində görülən işlərə həsr olunub. Azərbaycan Universitetinin Hüquq şöbəsinin müdiri Pərviz Qurbanov isə “İnsan hüquqlarının tarixi” mövzusunda məruzə ilə çıxış edib. 

 

Çıxışlarda bildirilib ki, insan hüquqları sahəsində aparılan ardıcıl islahatlar çərçivəsində vətəndaş məmnunluğunun təmin edilməsi, ombudsmanın fəaliyyətinin effektivliyinin daha da artırılması məqsədilə vahid Çağrı Mərkəzi yaradılıb. Çağrı Mərkəzi yaradılarkən bu sahədə mövcud beynəlxalq və yerli müsbət təcrübələr öyrənilib, əməkdaşlar müvafiq təlimlərə cəlb olunublar. Çağrı Mərkəzinə müraciət üçün şəhər nömrələrindən 916, respublikanın regionlarından və mobil nömrələrdən isə 012916 yığmaqla zəng etmək olar.

 

Sosial işin təşkili kafedrasının təşəbbüsü ilə keçirilən tədbir mövzu ətrafında müzakirələrlə davam edib.