Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 17:04:00
ADU tələbələrinə xaricdə təhsil almaq üçün hansı imkanları yaradır?  

Azərbaycanda universitetlər tələbələrin xaricdə təhsil almaları üçün xarici təşkilat və universitetlərlə beynəlxalq əlaqələr yaradır, əməkdaşlıqlar edir. Belə universitetlərdən biri də Azərbaycan  Dillər Universitetidir (ADU).

 

AzEdu.az-a açıqlama verən Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cavid Zeynallı bildirib ki, ADU universitetlərlə əlaqələrin inkişafının ardıcıllığına böyük əhəmiyyət verir, bakalavr dərəcəsi üzrə ikili diplom proqramı həyata keçirir, uzunmüddətli tərəfdaşlıq əlaqələri qurur.

 

“ADU-nun Beynəlxalq Münasibətlər şöbəsi, tələbələr, işçilər və tədqiqatçılar üçün beynəlxalq tərəfdaşlıq çərçivəsində xüsusi ilə də Erasmus mundus + kimi ikitərəfli mobillik üzrə müqavilələri vasitəsilə imkanların artırılmasından məsuldur. Bu proqramlar çərçivəsində son on ildə 500-dən çox tələbə dünya universitetlərinə göndərilib. Əməkdaşlıq müqavilələri, habelə müəllimlərin hazırlanmasını, birgə tədqiqatların aparılmasını, mənbələrin işlənib hazırlanmasını (təhsil və tədqiqatla əlaqəli mənbələr daxil olmaqla) və kitabxanaların və mədəniyyət mərkəzlərinin yaradılmasını nəzərdə tutur”.

 

Cavid Zeynallı bildirib ki, xarici səfirliklər də daxil olmaqla Fransa, ABŞ, İndoneziya, Norveç, Hindistan və Avstriyanın təşəbbüsü ilə müxtəlif mədəniyyət və informasiya-resurs mərkəzləri yaradılmışdır:

 

“Universitet Konfutsi İnstitutu və Goethe İnstitutunun OEAD (Österreichische Austauschdienst) nəznində fəaliyyət göstərən Alman Oxu zalı və Avstriya Kitabxanası kimi nüfüzlu  təşkilatların filiallarına ev sahibliyi edir”.

 

C.Zeynallı həmçinin universitetin  əməkdaşlıq etdiyi  beynəlxalq universitetlər haqqında məlumat verib:

 

“ADU ayrıca TOEFL (ABŞ), AYÖS və OEAD (Alman dili) dil testləri keçirmək üçün rəsmi icazəyə malikdir. 2011-ci ildən ADU, Movlana mübadilə proqramı çərçivəsində Türkiyənin universitetləri ilə əməkdaşlıq edir. ADU eyni zamanda Avropa Birliyi universitetləri ilə ikitərəfli əlaqələri Erasmus + KA1 çərçivəsində inkişaf etdirir. Bu münasibətlər nəticəsində bir sıra rəsmi müqavilələr mövcuddur İTİRİ Strasburq və Bordo Universitetləri (Fransa), Murcia Universiteti (İspaniya), Pitesti Universiteti (Rumıniya) ,Həsən Kalyoncu və Hacettepe Universitetləri (Türkiyə) və digər universitetlər  ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini nəzərdə tutan bir sıra rəsmi müqavilələr imzalamaşdır.

 

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti 2009-cu ildən ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsini nəzərdə tutan CLS təqaüd proqramına ev sahibliyi edir. Universitet ABŞ tələbələrinə Türk dili və mədəniyyətini  tədrisini nəzərdə tutan CLS və Flagship proqramlarının idarə olunmasına cavabdehliyidə  öz üzərinə götürmüşdür”.

 

Cavid Zeynallı bildirib ki, bakalavr və magistr tələbələrinin mobilliyi sahəsində Glasgow Universiteti ilə uzun müddət tərəfdaşlıq edilib:

 

“ADU Strasburq Universiteti ilə Peşəkar Tərcümə və Konfrans  dilmanclığı üzrə magistr Diplomunun  delokalizasiya proqramını həyata keçirir. Həmçinin, əcnəbi tələbələr universitetə bakalavr, magistratura və doktorantura proqramlarına müqavilə əsasında qəbul oluna bilərlər".