Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 13:00:00
BDU-nun tələbəsi Şuşaya şeir həsr etdi...

Bir zamanlar Vətənimizə-doğma Qarabağımıza getmək bizim üçün bir xəyal idi, bu gün isə Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu arzumuza çatmışıq.


Bu şeiri də Şuşa şəhərinə səfərimiz zamanı gördüyüm əsrarəngiz gözəlliklərdən ilhamlanaraq yazmışam…

 


ZƏFƏR HİSSİ


Qəlbimdə vardı bir sirli həyəcan,
Doğma yurda, o torpağa gedirdim.
Şiddətlə döyünür ürək durmadan,
Axı bu gün Qarabağa gedirdim!

 

Uzaqdan tanıdım, zirvəsi qarlı,
Qətiyyətli, əzmkar və vüqarlı.
Dayandığı yerdə möhkəm qərarlı,
O başı dumanlı dağa gedirdim.

 

Seyr etdim üstünə çökən sisini,
Dərdim güllərindən bir-ikisini.
Qanla qazanılmış Zəfər hissini,
Yerindəcə yaşamağa gedirdim!

 

Bu yer mənə Bakını yadlaşdırır,
Füsunkar gözəllik göz qamaşdırır.
Ecazkar təbiət məni çaşdırır,
Sola baxa-baxa sağa gedirdim.

 

“İsa bulağı”nın zümzüməsini,
“Şuşa türməsi”nin pəncərəsini,
“Cıdır düzünün” də mənzərəsini,
Tarixi yaşadan “bağa” gedirdim.

 

Bir vaxtlar həsrətlə qurulan xəyal,
Nəhayət ki, daha olmuşdu real.
Dəyişirdi məndə get-gedə əhval,
Düşüncədən çox qırağa gedirdim.

 

Şair, nisgil ürəyini sıxanda,
Qarabağdan ötrü hey darıxanda,
Sən Şuşadan Xankəndinə baxanda,
Mən xəyalda çox uzağa gedirdim…

 

Rəvan Hüseynli,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi