Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 12:11:13
Özbəkistanda Azərbaycan universitetləri… - “Təhsil brendləşəcək”

Ötən günlərdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Özbəkistanın Azərbaycan universitetlərinin filiallarını ölkədə açılmasında maraqlı olduğunu qeyd edib.

 

Maraqlıdır, bunun Azərbaycan üçün müsbət cəhətləri nələrdir?

 

AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan universitetlərinin filiallarının Orta Asiya Respublikalarında açılması xüsusi əhəmiyyət daşıyan məsələdir:

 

“Hesab edirəm ki, Azərbaycan universitetlərinin xaricdə filiallarının açılması üçün çox geniş imkanlar və perspektivlər var. Nəinki orta Asiya Respublikalarında, hətta Ərəb ölkələrində də buna maraq mövcuddur. Bir neçə gün bundan əvvəl Küveytin nümayəndə heyəti ilə görüş zamanı onlar qeyd etdilər ki, biz öz ölkəmizdə də Azərbaycan universitetlərinin fəaliyyət göstərməsini arzulayırıq. Bu həm Azərbaycan təhsilinin inkişafına, həm tanınmasına, həm ölkə həqiqətlərinin təbliğinə, həm də təhsilin brendləşməsinə birmənalı olaraq öz müsbət təsirini göstərəcək”.

 

Deputat qeyd edib ki, təkcə Orta Asiyada yox, eyni zamanda qardaş ölkələrdə də bu barədə düşünüb, addımlar atmalıyıq:

 

“Amma bundan öncə Azərbaycanda yerləşən ali təhsil müəssisələri daha keyfiyyətli təhsil vermək üçün öz üzərilərində çalışmalıdır. Az öncə də qeyd etdiyim ki, universitetlərimizin filiallarının digər ölkələrdə fəaliyyət göstərməsi əlaqələrimizin güclənməsinə və dost və qardaş xalqlar arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Bu olduqca düzgün və alqışlanası bir addımdır”.