Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 11:14:00
6-cı sinifdə bir neçə fənnin birləşdirilməsi tədrisə nə vəd edir? - ŞƏRH

Orta məktəblərin 6-cı sinfində tədris olunan fizika, biologiya fənləri vahid şəkildə təbiət fənni adı altında tədris olunacaq. Bu islahat hələlik pilot layihə olaraq tətbiq olunacaq.

 

Dəyişikliyin şagirdlər üçün əhəmiyyəti nədən ibarətdir? Elm və Təhsil Nazirliyinin bu islahatı keçirməsində əsas məqsəd nədir?

 

Məsələ sosial platformalarda davamlı şəkildə müzakirə olunur. Bir neçə fənnin bu şəkildə ümumiləşdirilməsinin tədrisə mənfi təsir göstərəcəyini düşünənlər də var, əksini iddia edənlər də. Hətta digər təkliflər də qeyd edilir: məsələn, texnologiya, musiqi, incəsənət kimi fənlərin birləşdirilməsi təklif olunur.


Təhsil ekperti Qoşqar Məhərrəmov mövzunu AzEdu.az-a şərh edib.


O, islahatın fənlərarası inteqrasiyanın şagirdlərə aşılanması məqsədi daşıdığını qeyd etdi.  

 

“Hazırda Təhsil İnstitutu iki fərqli komanda ilə riyaziyyat və təbiət fənni kitabları yazır. Bu kitablar ilkin mərhələdə pilot olaraq tətbiq ediləcək. Məlumdur ki, beynəlxalq təcrübədə bu kitabların ərsəyə gətirilməsi və tətbiq olunması fizika, kimya kimi fənlərin sıradan çıxarılması demək deyil. Təəssüf ki, cəmiyyətimiz bunu belə başa düşür. Sadəcə, bu üç fənn - fizika, kimya, biologiya bir kitabda birləşdirilir. Kitabın içərisində mövzulardan biri fizika, biri kimya, biri biologiya, biri isə yer elmidir. Yəni bu dörd fənnin inteqrativ tətbiqini nəzərdə tutan kitablar hazırlanır. Şagirdlər fənləri ayrı-ayrılıqda qavrasa da, onların bir-biri ilə inteqrasiyasını anlaya bilmirdilər. Fənləri inteqrativ öyrənməli olduğu bir yaşda, şagird hər bir fənni ayrılıqda öyrənirdi. Nadir hallarda isə müəllim bu fənləri bir-biri ilə əlaqələndirərək tədris edirdi. Bu səbəbdən təbiət elmləri ilə bağlı beynəlxalq təcrübədən yararlanılır”.

No description available.

Q.Məhərrəmov deyib ki, Dövlət İmtahan Mərkəzi də növbəti illərdə imtahan suallarını sözügedən kitablara uyğun şəkildə dəyişdirəcək.

 

Ekspert valideynlərin bilməli olduğu xüsusi bir məqamı da vurğulayıb:

 

“Diqqət çəkmək istədiyim bir məsələni də qeyd edim, bu islahat məzmun standartları saxlanılaraq aparılır. Məzmun etibarilə azalma və ya artma yoxdur. Sadəcə, yanaşma və təqdimat forması dəyişib. Valideynlər bunu xüsusi olaraq bilməlidir”.

 

Müsahibimiz deyib ki, pilot layihədə iştirak edəcək müəllimlər təlimlərdə bu kitablardan hansı formada istifadə edəcəklərini, tədrisi hansı formada aparacaqlarını öyrənəcəklər.

 

“Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu fənlər inkişaf etmiş ölkələrdə də təbiət fənni adı altında tədris edilir. Yəni bir fənni həm fizika, həm biologiya, həm də kimya müəllimi tədris edə bilər. Eyni zamanda, bəzi ölkələrdə konkret “science” müəllimi bakalavr ixtisasları var. Həmin ixtisasdan məzun olan müəllimlər də bu fənni tədris edir”.

 

Ekspert müəllimlərin dərs saatının azalması ilə bağlı narahatlıqlarına da aydınlıq gətirib.

 

“Bu fənləri ayrılıqda tədris edən müəllimlər dərs saatlarının azalacağından narahatdırlar. Bu məsələ ilə bağlı demək istəyirəm ki, əgər üç fənn bir kitabın içərisində birləşirsə, onda onun saatlarının azalma ehtimalı yoxdur. İçərisindəki hər bir fənnin saatı qədər olmalıdır. Müəllimlərə əvvəlki qaydada dərs saatları veriləcək, sadəcə fənnin adı dəyişəcək.

Sosial şəbəkələrdə bu fənlər birləşdirildiyində görə effektiv tədris olunmayacağı barədə iradlar yazılır. Bəzilərinin fikrincə, texnologiya, musiqi, incəsənət kimi fənlərin ümumiləşdirilməsi daha məqsədəuyğun olardı. Onu deyə bilərəm ki, bu olduqca absurd təklifdir. Çünki bunlar bir-biri ilə inteqrasiyası olmayan sahələrdir”.