Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 13:21:33
2026-cı ildə peşə məktəblərinə qəbul 50 faiz artacaq

Peşə təhsili sahəsində bizim üçün ən vacib məsələ onun əhatə dairəsinin genişləndirilməsi, daha çox vətəndaşımıza peşə təhsilinə çıxış imkanının verilməsidir.

AzEdu.az xəbər verir ki, bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, son 5 ilin rəqəmlərinə baxsaq, görərik ki, hər il peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 faizdən çox artıb. Bu tendensiya belə də davam edəcək:

“"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulur. 2026-cı ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq. Yəni təqribən tələbə sayı 28 minə çatacaq. Bu, bizim üçün çox böyük hədəfdir. 2022-2023-cü tədris ilində bizim tələbə qəbulumuz 19 min olub. Hazırda biz 2023-2024-cü il üçün tələbə qəbulunu planlaşdırırıq. Müvafiq qurumlarla razılaşdırma mərhələsindəyik. Bu il 26 min yerin ayrılması nəzərdə tutulur”.

O qeyd edib ki, ikinci istiqamət peşə təhsilinin məzmununun və keyfiyyətinin qaldırılmasıdır:

“Təhsilalanlar üçün daha keyfiyyətli məzmun hazırlanması, eyni zamanda, təhsilverənlərin bilik və bacarıqlarının artırılması istiqamətində işlər görürük. Son 5 ildə 60-a yaxın yeni təhsil proqramı hazırlanıb. Məsələn, İT sahəsi üzrə, veb dizayner, elektronika ustası, kibertəhlükəsizlik, geyim üzrə dizayner və digər yeni ixtisasları göstərmək olar. Bu il də bir sıra yeni ixtisaslar təklif ediləcək. Eynilə biz bu ixtisasları verməklə yanaşı, təhsilverənlərin də bilik və bacarıqlarının artırılması istiqamətində bir neçə ildir həm ölkə daxilində, həm də xaricdə təlimlər təşkil edirik. Türkiyə ilə olan əlaqələr çərçivəsində son 2 ildə təqribən 70-ə yaxın müəllimimiz təlimlərdə olub. Bu il də bu proses davam etdiriləcək”.