Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-12 10:06:00
Naxçıvanda bu gün 3160 şagird imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında tam (11 illik ) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

 

AzEdu.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, imtahanda 3160 şagirdin iştirakı nəzərdə tutulur.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanın keçirilməsi üçün bütün təşkilati işlər artıq yekunlaşdırılıb. Buraxılış imtahanları Naxçıvan şəhəri üzrə Heydər Əliyev adına tam orta məktəbdə, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərdə, Rayonlar üzrə isə Şərur rayonunda 1, 2 nömrəli, Babək rayonunda 1, 2 nömrəli və Şıxmahmud kənd tam orta məktəblərində, Ordubad rayonunda 3 nömrəli, Culfa rayonunda 3 nömrəli, Kəngərli rayonunda Qıvraq qəsəbə, Şahbuz rayonunda 2 nömrəli, Sədərək rayonunda isə 1 nömrəli tam orta məktəblərdə keçirilir.

 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 14 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına 14 ümumi imtahan rəhbəri, 40 imtahan rəhbəri, 318 nəzarətçi-müəllim təyin olunub.

 

İmtahan saat 11:00-da başlanacaq. Binalara buraxılış saat 9:00-da həyata keçirilir. Bir mərhələdə keçirilən imtahanda şagirdlərə xarici dildən 30, Azərbaycan dilindən 30, Riyaziyyat fənnindən isə 25 olmaqla ümumilikdə 85 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılacaq. İmtahanda toplana biləcək maksimal bal 300-dür.

 

Qeyd edək ki, imtahanda iştirak edəcək bütün şagirdlər buraxılış vərəqələrini əldə ediblər.(APA)