Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 13:51:00
Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin aqibəti necə olacaq?

Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə Türkiyədə zəlzələdən əziyyət çəkən tələbələrimizin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə toxunub. Nazirin açıqlaması təhsillərini Azərbaycan universitetlərində davam etdirmək istəyən gənclərimiz üçün heç də sevindirici olmayıb.  Çünki nazir “əgər tələbələr ölkə daxilində qəbul imtahanında keçid balını toplamayıbsa, xaricdə attestatla təhsil alırsa, onların yerli ali təhsil müəssisələrinə köçürülməsi mümkün olmayacaq”, - deyə qeyd edib.

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti, Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov mövzuya aydınlıq gətirib:

 

“Elm və təhsil naziri Emin Əmrullayev bu barədə mövcud qanunauyğunluqda nəzərdə tutulan vəziyyəti izah edib. Mövcud qaydalara uyğun olaraq o tələbələrin Azərbaycan universitetlərində təhsillərini davam etdirməsi mümkün olmayacaq. Çünki onlar Azərbaycanda imtahan verməyib və attestatla Türkiyədəki universitetlərə qəbul olunublar. Bu azərbaycanlı gənclər Türkiyə dövlətinin öz tələbələrinə tətbiq etdiyi qaydalar çərçivəsində təhsillərini davam etdirəcəklər. Türkiyə unuversitetləri azərbaycanlı tələbələr üçün müvəqqəti olaraq onlayn və ya distant təhsil təşkil edə bilər. Bu halda Azərbaycandan olan Türkiyə universitetlərinin tələbələri təhsillərini elə Azərbaycanda ola-ola, amma oxuduqları universitetdə davam etdirə bilərlər. Yaxud zəlzələ bölgəsindəki universitetlər tədris prosesini digər bölgələrə köçürə bilər. Belədə Azərbaycandan olan tələbələr də yeni məkanda, amma ilkin qəbul olunduqları universitetlərdə təhsillərini davam etdirəcəklər”.