Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 13:52:00
Ailələr arasında maarifləndirmə işləri aparılmalıdır - PSİXOLOQ

Bir çox ölkələrdə müasir dövrə uyğunlaşa biləcək, sağlam xarakterli uşaqların yetişdirilməsində ailələrə dəstək olmaq məqsədilə ölkəmiqyaslı layihələr, tədbirlər həyata keçirilir. Fərdlərin məktəbdən öncə bir sıra məsələlərlə bağlı ailə içində düzgün məlumatlandırılması üçün valideynlər arasında kütləvi maarifləndirmə işləri aparılır.
Bu zaman suallar yaranır:


Bəs ölkəmizdə bu məsələ nə dərəcədə önəmli hesab olunur? Hansı vacib addımlar atılmalıdır?

 

AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Çinarə  Kazımzadə cəmiyyətdə ailənin önəmi, ailələr arasında maarifləndirmə işlərinin vacibliyini vurğulayıb, sözügedən mövzu ilə bağlı təkliflərini irəli sürüb.

 

“Ailə cəmiyyətin təməlidir. Bu təməli nə qədər möhkəm formalaşdırsaq, cəmiyyətimiz bir o qədər güclü dayaqlar üzərində qurular. Düzgün fərd formalaşdırmaq məsələsində psixoloji amilləri gözardı etmək olmaz. Çünki psixologiya, ümumilikdə, bizim bütün həyatımızı əhatə edir. Mənəvi dəyərlər, ailədə ünsiyyət, əxlaqi inkişaf, sosial-emosional bacarıqlar və s. kimi məsələlər ailə içində düzgün təbliğ olunduğu təqdirdə, cəmiyyət üçün çox daha sağlam düşüncəli, intellektli fərdlər yetişdirmək olar.
 

Sağlam cəmiyyəti sağlam şəxslər formalaşdırır. Onları da öz növbəsində sağlam xarakterlərə və  ailəiçi münasibətlərə sahib insanlar yetiştirir. Buna görə də ilkin olaraq ailəni formlaşdırmaq lazımdır. Bunun üçün yüksək keyfiyyətli tədbirlər, genişçaplı layihələr həyata keçirilməlidir”.

 

Sözügedən məsələ ilə bağlı qarşımıza hansı problemlər çıxa bilər?

 

“Hazırda bir sıra vacib məsələlər var ki, ailələr bu haqda kifayət qədər məlumatlı olmalı və yaxud məlumat əldə etməlidirlər. Məsələn, sağlam qidalanma, asılılıqlarla mübarizə, münaqişə və stressin idarə edilməsi, texnologiyadan şüurlu və təhlükəsiz istifadə, ilk yardım, yol məlumatı və ekoloji maarifləndirmə və s. Bunlar yaşından asılı olmayaraq müasir cəmiyyətin fərdlərinin bilməli olduğu önəmli nüanslardır. Təəssüf ki, ölkə üzrə əksər ailələr sözügedən məsələlərlə bağlı kifayət qədər məlumatlı deyil və yaxud az məlumatlıdır. Başqa bir halda isə məlumatlı olsalar belə, bu kimi bacarıqları övladlarına hansı metodlarla aşılayacaqlarını bilmirlər. Bu məsələləri insanlara daha çox çatdırılmalı, üsul və metodlar onlar arasında geniş şəkildə təbliğ olunmalıdır. Sözsüz ki, bunun üçün genişmiqyaslı  layihələrin təşkil olunması olduqca önəmlidir”.

 

 Psixoloq valideynlərin düzgün maarifləndirilməsi məsələsini diqqətdə saxlamağı məqsədəuyğun hesab edir.

 

“Sağlam düşüncəli fərdlərin davranışları ilə cəmiyyətə töhfə verə biləcək valideynlər və münasibətlərin qaydasında olduğu ailə tərəfindən formalaşdırılması vacibdir. Bu da Elm və Təhsil Nazirliyinin məsələyə xüsusi diqqət yetirməsi üçün kifayət qədər yetərli səbəbdir. Əsas fəaliyyət ailələr arasında düzgün maarifləndirmə işlərinin aparılması üzərində qurulmalıdır. 

Nə qədər çox vətəndaşa, ailəyə çata bilsək, onlarda bu bacarıqları inkişaf etdirə bilsək, əlbəttə ki, uğurlu olmaq ehtimalımız bir o qədər artır”.