Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 11:53:00
13 yaşlı qızın 37 yaşlı kişiyə ərə verilməsi pedofillikdir - Psixoloqdan ETİRAZ

Bakının Sabunçu rayonunda 13 yaşlı qızın 37 yaşlı kişiyə nişanlandığı barədə xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə mənfi reaksiya doğuran xəbər aidiyyatı qurumların da diqqətini cəlb edib və bununla bağlı hazırda araşdırmalar aparılır. Ancaq məsələnin psixoloji aspekti də işıqlandırılmalıdır.

 

13 yaşlı qızın təhsildən yayındırılıb evliliyə cəlb olunması onun psixoloji durumuna necə təsir göstərir? İndiki və gələcək həyatında hansı fəsadlara yol aça bilər?

 

Azərbaycan Psixlogiya Akademiasının psixoloqu Ezgi Şahin AzEdu.az-ın sözügedən mövzu ilə bağlı suallarını cavablandırıb.

Müsahibimiz bu kimi halların nə psixoloji, nə də hüquqi baxımdan düzgün hesab olunduğunu vurğulayıb: 

 

“13 yaşlı qızın 37 yaşlı kişiyə ərə verilməsi psixologiyada pedofillik olaraq qiymətləndirilir. Bu hal nə psixoloji olaraq, nə də hüquqi baxımdan düzgün hesab olunur. 13 yaşlı bir uşaq bu dönəmdə daha çox təhsilinə fokuslanmalı, öz üzərində çalışmalıdır.

Mənim elə pasiyentim olub ki, gəlin olduğu zaman ən çox oyuncaqlarına baxıb ağladığını deyirdi. Çünki oyuncaqlar onun yarımçıq qalmış hisslərini, əskikliklərini ifadə edir”.

 

Psixoloq deyir ki, 13 yaş qızların evlilik haqqında tam fikir formalaşdıra biləcəyi bir dönəm deyil.

 

“13 yaşlı bir qızın düşüncələri daha çox təhsili, məktəb həyatı, dostları, maraqlı əyləncələr haqqında olur. Bu onun evlilik haqqında tam fikir formalaşdıra biləcəyi bir dönəm deyil. Evlilik haqqında fikri formalaşmayan bir yeniyetmənin evliliyi nə dərəcədə uğurlu ola bilər?!

 

Bundan əlavə, onun dünyaya gətirəcəyi uşağın psixoloji inkişafı da düşündürücü məsələlərdən biridir. Öz şəxsi inkişafını tamamlamamış, əksinə, psixoloji travmaları olan bir insanın yetiştirəcəyi uşaq necə formalaşacaq?! Özünün ana qayğısına, ana diqqətinə ehtiyacı olan bir yeniyetmənin ərə verilməsi və övlad sahibi olması dəhşətli hadisədir. Ana qayğısını yetərincə almamış biri övladına da o duyğunu ötürə bilməz”.

 

Ezgi Şahin 13 yaşında ərə verilən qızın partyoru ilə arasındakı yaş uçurumuna da diqqət çəkib:


“Başqa bir məsələ də ərə verildiyi insanın yaşının həddindən artıq çox olmasıdır. 13-14 yaşlı bir yeniyetmənin düşüncələrini, hisslərini 37 yaşlı yetkin bir şəxs nə dərəcədə anlaya bilər?

 

Bu kimi hallar üçün qətiimkan tədbirləri görülməlidir. Hazırkı dövrümüzdə belə halların yaşanması qəribədir. Çünki insanlar artıq müasir təfəkkürə sahibdirlər. Ancaq təssüf ki, təfəkkür inkişafından geri qalanlar hələ də çoxdur”.