Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-29 13:06:00
Yalnız bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək- Vacib sertifikasiya bilgisi

 

 

 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bir neçə gün öncə bu il daha 30 min müəllimin  sertifikatlaşdırılmaya cəlb ediləcəyini bildirib.

 

Bu il sertifikatlaşdırmadan keçməyən digər ibtidai sinif müəllimləri, eyni zamanda riyaziyyat müəllimləri prosesə cəlb ediləcək.

 

Bəs sertifikasiya prosesinin yekununda bu müəllimlərin durumu necə müəyyənləşəcək?

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən  Qafarov AzEdu.az-a açıqlamasında peşəkarlıq səviyyəsi təhsil sisteminə cavab verməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcəyini qeyd edib:

 

"Sertifikasiya Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli qərarına uyğun olaraq 2020-ci ildən həyata keçirilir. Sistemə 152 min müəllim daxil edilib. Bu müəllimlərin təqribi 40 mini ibtidai sinif müəllimidir. Bu il 30 min müəllimin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur".

 

E.Qafarov sertifikasiya ilə bağlı qanunvericiliyin tələblərinə diqqət çəkib:

 

"Sonuncu sertifikatlaşdırma prosesi zamanı müəllimlərin 24 faizi uğursuz nəticə əldə edib. Prosesi uğurla başa vura bilməyən müəllimlər üçün bu il yenidən şans yaradılacaq. Ən sonda bu dəfə də qeyri-məqbul nəticə əldə edənlərin əmək müqaviləsinə xitam veriləcək.

 

Bu zaman Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, 3 yaşına kimi uşağı olan qadın müəllimlər, məktəb yaşı tamam olana kimi uşağını tək başına böyüdən valideyinlərin sertifikasiya nəticəsindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verilə bilməz".

 

Ekspert ölkədə təhsilverən yox, təhsilalan şəxslərin maraqlarının əsas götürüldüyünü vurğulayıb:

 

"Azərbaycan təhsil sistemində əsasən, təhsilalanın maraqları əsas götürülür. Təhsilin vəzifəsi ölkəni insan kapitalı ilə təmin edib, təhsilalanlara daha yaxşı təlim və tərbiyə verməkdir.

 

Peşəkar müəllimlər təhsil sistemdə işinə davam edəcək, peşəkarlıq dərəcəsi zəif olanların əmək müqaviləsinə xitam veriləcək. Hazırda təhsil sistemində olan müəllimlərin peşə yararlılığı sertifikasiya əsasında  müəyyən edilməlidir".