Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 15:53:00
“CanSat Azərbaycan 2023” müsabiqəsi ilə bağlı tədbir-BMU

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsi ilə bağlı məlumatlandırma tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə “Azərkosmos”un əməkdaşı Zərifə Quliyeva öncə təmsil etdiyi agentliyin fəaliyyət istiqamətləri haqda qısa məlumat verib.

 

Sonra beynəlxalq “CanSat” müsabiqəsindən söz açan Z.Quliyeva bildirib ki, məqsəd tələbələr arasında kosmik sahəyə marağın artırılması, həmçinin bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsidir. Qeyd edilib ki, qlobal müsabiqənin bir qolu kimi, ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan “CanSat Azərbaycan”da qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır.

 

Müsabiqə şərtləri ilə tələbələri ətraflı tanış edən Z.Quliyeva nəzərə çatdırıb ki, komandalar tərəfindən kiçik peyk modeli hazırlanmalı, raketqaldırıcı vasitəsilə müəyyən edilmiş hündürlükdən buraxılan model yerə enərkən və eniş fazasından sonrakı müddətdə təyin olunmuş missiyanı yerinə yetirməlidir. Müsabiqə üçün qeydiyyatın 28 dekabr tarixində başa çatdığını deyən agentlik rəsmisi xüsusi mükafatlarla yanaşı, qaliblərə “Azərkosmos”da təcrübə əldə etmə imkanı yaradılacağını, həmçinin “CanSat Azərbaycan 2023” qaliblərinin beynəlxalq “CanSat” müsabiqəsində iştirak zamanı texniki dəstəyin təmin ediləcəyini bildirib.

 

Sonda “Azərkosmos” əməkdaşları tələbələrin müsabiqə ilə bağlı suallarını cavablandırıblar.