Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-21 13:05:00
Amerikada müəllimlər maaşlarından şikayətçidirlər - MÜSAHİBƏ

Qoşqar Məhərrəmov: “Burada şagirdlər daha rahat orta məktəb həyatı keçirirlər. İstəyən oxuyur, istəməyən oxumur”.

 

"Sertifikasiyadan keçməyən müəllimlər işlərinə davam edir, sertifikasiyadan keçənlər isə daha çox maaş alır".

 

AzEdu.az "Xaricdəki beyin bankımız" adlı rubrikasına davam edir.

 

Budəfəki müsahibimiz hər zaman təhsil mütəxəssisi kimi müsahibələr aldığımız, hazırda ABŞ-də yaşayıb, işləyən Qoşqar Məhərrəmovdur.

 

O, ABŞ-nin Texas ştatının “Corpus Christi” şəhərində Texas A&M University Corpus Christi (TAMUCC) universitetində tədqiqatla məşğul olur, eyni zamanda magistratura tələbələrinə elmi rəhbərlik edir, həmçinin, orta məktəbdə biologiya fənnini tədris edir.

 

- Qoşqar müəllim, sizi ABŞ-yə aparan yol haradan başlayır?

 

- Bakalavr təhsilimi Türkiyənin ən yaxşı, dünyanın isə ilk 500-lüyündə yerləşən Orta Şərq Texniki Universitetində almışam. Məni ABŞ-yə aparan yol da məhz o universitetdən keçir. Aldığım təhsil məni beynəlxalq kadr halına gətirdi, beynəlxalq düşüncəyə sahib etdi. Bu isə özlüyündə mobil olmaq, hər yerdə hər mədəniyyətlə işləyə bilmək, müxtəlif müəssisələrə adaptasiya olmaq qabiliyyətləri qazandırdı. Bu qabiliyyətlər və səriştələr bakalavrdan başlayır. Daha sonra Eskişehir, Osmanqazi universitetlərində aldığım magistratura, eləcə də doktorantura təhsilim də buna böyük töhfə verdi. Doktoranturanı bitirdikdən sonra beynəlxaq təcrübə qazanmaq və müxtəlif ölkələrin təhsil sistemini yaxından görmək üçün xarici ölkələrin ali təhsil müəssisələrinə müraciət etdim. Nəticədə hazırki iş yerimə gəlmək qismət oldu. Ümumiyyətlə məni ABŞ-yə gətirən niyyət buraların təhsil sistemini, mühitini daha yaxından görmək, öyrənməkdir. Çünki Amerika təhsildə ən yaxşı olmasa da, bir çox məsələdə Azərbaycana nümunə ola biləcək ölkədir. Bura dünyada iqtisadi inkişaf baxımından qabaqcıl ölkələr siyahısındadır. Ona görə də Amerikaya  gəlmək mənə dünyagörüşü baxımdan çox şey qazandırdı.

 

- Amerikadakı fəaliyyətinizlə geniş tanış olmaq istəyərdik…

 

- Buradakı fəaliyyətimin əsası tədris və tədqiqatdır. Daha çox orta məktəblərin şagird profili, onların karyera seçimi, dərs çalışma prosesi, müəllimlərin sinfi idarəetmə üsulları və s. kimi mövzuları araşdırırıq. Tədris məqsədli gördüyüm işdə isə daha çox yuxarı sinif şagirdlərinə biologiya fənni keçirəm. Əlbəttə ki, tədris prosesində interaktiv təlimdən söhbət gedir. Burada dərslərimiz daha çox şagird yönümlüdür, onların istəkləri istiqamətindədir. Dərslərdə eksperimentlər aparılır, eksperiment aparılmasa belə, şagirdin nə isə tapıb araşdırmağı vacib hesab edilir. Dərslərimizin əksəriyyəti layihə əsaslıdır. Uşaqlar poster, slayd, laboratoriyalardan istifadə etməklə nələrsə hazırlayıb, düzəltməlidirlər. Burada istər ali, istər orta məktəblərdə dərslər fəaliyyət əsaslıdır. Şagird də, tələbə də çox dinləmək tərəfdarı deyil, dinləyə bilmirlər. Ümumiyyətlə dünyada dinləmə müddəti zəifləyib. Bu səbəbdən də müəllim heç bir resurs olmadığı halda belə, şagirdlə söhbət etməlidir. Amma əlbəttə ki, burada resurs boldur. Şagirdlər də tələbələr də mümkün qədər, nələrsə hazırlayaraq, düzəldərək öyrənməyə yönümlüdürlər.

 

Azərbaycanla ABŞ təhsili arasında hansı oxşar və fərqli cəhətləri müşahidə etmisiniz?

 Açıklama yok.

- Təhsil dedikdə təxminən hamının ağlında bənzər şeylər canlanır. Əlbəttə Amerikada da şagirdlər, valideynlər, müəllimlər bənzər davranışları göstərirlər. Onların da funksiyaları təlim-tədrisdir. Onlarla dərsin izah olunması, soruşulması, qiymətləndirmə sistemi bizimlə oxşardır. Amerikada da müəllimlər maaşlarından şikayətçidirlər, müəllimin ictimai nüfuzu istənilən səviyyədə deyil. Şagirdyönümlü təhsil məsələsində isə bir qədər oxşarlıq var. Sadəcə bu proses Azərbaycanda XXI əsrin əvvəllərindən etibarən başlayıbsa, Amerikada 30-40 illik tarixi ənənəyə malikdir.

 

Fərqli cəhətlərə gəldikdə isə, Amerikada müxtəlif ixtisaslardan məzun olan insanlar da müəllim kimi işləyə bilirlər. Ölkədə müəllimliyin maaşı çox az olduğu üçün hər ixtisas sahibi müəllim işləyə bilir. Ümumiyyətlə maaşa görə çox insan müəllim olmaq istəmir. Bu peşəni seçənlər ya müəllimliyi çox sevir, ya da ki, başqa iş tapa bilməyib. Digər fərqli cəhət isə məktəblərdə avtonomluğun daha çox olmağıdır. Məktəb direktorları daha sərbəstdir.

 

Burada müəyyən məktəb bölgələri var. Həmin bölgələr 3,5,15 məktəb şəklində idarə olunur. Hər məktəbin özünün bir direktoru olmasından əlavə 3-5 birləşmiş məktəblərin də özünün ayrıca direktorları olur. Müxtəlif məktəb növləri var ki, bəziləri Azərbaycana yaddır. Sertifikasiyadan keçməyən müəllimlər işlərinə davam edir, sertifikasiyadan keçənlər isə daha çox maaş alır. Müəllimlərin işə qəbulu mərkəzi formada deyil. Məktəb direktorları, məktəb bölgələrinin rəhbərləri birbaşa müəllimlərlə əmək müqaviləsi bağlayıb, onları işə götürə bilirlər.

 

Digər fərqli cəhətlərə gəlincə isə Amerikada maliyyə müstəqilliyinin olmasıdır. Şagird başına maliyyələşmə mövcuddur. Belə ki, kimin daha çox şagirdi varsa, o məktəbə daha çox məbləğ daxil olur. Ona görə də bütün dövlət məktəbləri bir-biri ilə rəqabətdədir. Bütün məktəblər istəyir ki, ona daha çox şagird gəlsin. Bu rəqabət nəticəsində də təhsildə yarış başlayır. Onlardan bir qismi idman sahəsində, bir qismi tədrisdə irəliləyir. Azərbaycandakı fərqlərdən biri də odur ki, şagird auditoriyası çox çalışmağa meyilli deyil. Çünki dərs oxumadan da insanlar bir çox işlərdə fəaliyyət göstərə bilirlər. Burada müntəzəm dərs oxumaq anlayışı olmadığından valideynlər də şagirdlərin çox üzərinə düşmür. Şagirdlər daha rahat orta məktəb həyatı keçirirlər. İstəyən oxuyur, istəməyən oxumur. ABŞ-də ümumiyyətlə oxuyanların faizi çox aşağıdır. Təxminən 10-15%. Dərs oxumaq, ev tapşırığı anlayışları çox da yoxdur. Qayda pozuntuları çox olduğundan həm ali, həm də orta məktəblərdə nizam-intizamı çox yüksək səviyyədə saxlayırlar. 

 

- Qoşqar müəllim, yaşadığınız ölkədə müəllimlik sənətini necə qiymətləndirirlər?

 

- Müəllimlik sənətinə ictimai baxış yaxşıdır. Amerikalılar müəllimliyi dəyərli hesab edirlər, amma maliyyə cəhətdən perspektivli olmadığından bu peşəni seçənlərin sayı çox deyil, əksinə, bu sahəni tərk edənlər daha çoxluq təşkil edir. Burada müəllimlərə ehtiyac olduğundan xarici müəllimlərin sayı get-gedə artır. Müəllimlik peşəsi isə insanların can atdığı, rəğbətli peşə deyil. Çünki həm çətindir, həm də maaşı az. Texasda illik 50-60 min dollar müəllim kimi işləmək insanları qane etmir. Bu mənada müəllimlik yüksək qiymətləndirilmir, ancaq missiya cəhətdən hörmət edilir. Həm də müxtəlif ixtisaslardan, mühəndislik, iqtisadiyyat, siyasət, beynəlxalq münasibətlər və s. məzunları da asanlıqla, hər hansısa bir sertifikasiyadan keçmədən müəllim işləyə bildiyi üçün peşənin statusu aşağı düşür. Əgər bir işə girmək çətindirsə, o halda rəqabət mühiti yaranacaq və o yerin dəyəri artacaq, yox, əksinə hər kəs o işdə işləyə bilirsə, o zaman dəyəri də qalmayacaq. COVİD -19 dövründə sənayedə, xidməti sahədə, istehsalatda bir çox insan işini itirdiyi üçün müəllim oldu, çünki sənaye birmənalı olaraq dayandı, mühəndislər işsiz qaldıqda müəllimliyə keçdilər. Müəllimlik etibarlı peşədir, çox nadir hallarda onlar ixtisara düşüb, işdən çıxarıla bilərlər. Amma məvacibi az olduğu üçün insanlar daha yaxşı fürsət tapdıqları anda özləri peşəni tərk edirlər. Ümumiyyətlə ABŞ-də peşələr arasında axışqanlıq çoxdur. İnsanlar rahatlıqla bir peşədən o biri peşəyə keçirlər. Tibb bacısı müəllim olur, müəllim tibb bacısı olur, müəllim mühəndis olur, mühasib müəllim olur və s.

 

 

Azərbaycanda statistikalar onu göstərir ki, qadınların əksəriyyəti müəllimlik ixtisasına üz tuturlar. Bəs, ABŞ-də hansı ixtisaslara daha çox müraciət olunur?

 

- Əslində bu ştatlara görə dəyişir, ancaq onu deyə bilərəm ki, məhz müəllimliyə üz tutanların sayı çox azdır. Orta məktəblərdə qadınların çoxluğu nəzərə çarpır, amma ibtidai, eləcə də bağça sinifləri arasında kişi müəllimlər var. Azərbaycandakı kimi tamamilə məktəblərdə kişi müəllimlərin nəslinin kəsilməyi halları burada yaşanmır. Mən 1 il yarımdır buradayam, amma hələ də “mən müəllim olacam” deyən şagird qarşıma çıxmayıb. Daha çox mühəndislik, neft, kompüter, sənaye, inşaat, mexanika kimi sahələr burada rəğbət görür.

 

 

- Xaricə oxumağa gedənlərin əksəriyyəti orada qalaraq işləməyə üstünlük verir. Sizcə bunun səbəbləri nələrdir?

 

- Bunun bir çox səbəbi var. Ancaq öz subyektiv fikirlərimi bildirəcəm. Amerika yaşamaq üçün asan ölkə olmasa da, fürsətlər çoxdur. Əhali çox olduğu üçün startapların baş tutma ehtimalı yüksəkdir. Həqiqətən də çox səriştəli kadrı yüksək maaşla işə götürmək istəyən şirkətlərin sayı daha çoxdur. Ona görə insanlar işləmək üçün buranı seçir, çünki yaşamaq daha rahatdır. İnsanın həyatında görmək, yaşamaq istədiyi müxtəlif ləzzətlər, əyləncələr, macəralar hər biri burada mövcuddur. İnsan axınının səbəbi də elə budur. Bu prosesdə inkişaf etməkdə olan ölkələr öz kadrlarını itirir, lakin bir tərəfdən də ölkələr arasında sərhəd anlayışı itir. İnsanlar beynəlxalq işlər görür. Azərbaycanda işləyən biri, eyni zamanda Amerika üçün işləyir, eləcə də əksinə. Qubanın, Şəkinin, Lənkəranın kəndində oturub, onlayn formada Amerikada işləyənlərin sayı artır. Mən özüm də hazırda Texasda yaşamağıma baxmayaraq Azərbaycanda Xəzər və ADA universitetlərində təhsil alan magistratura tələbələrinin elmi rəhbəri kimi fəaliyyət göstərirəm. Bu kimi hallar get-gedə artacaq. Ona görə də harada yaşamağın çox da fərqi qalmır. Bir də mühitlə bağlı seçimlər ola bilər. Amerika kriminal hadisələrin çox olduğu yerlər arasındadır. Bakı sıxlıq olduğundan buralarda yaşamaq daha yaxşı görünür. Bakıdakı kimi böyük, çox bloklu binalar yoxdur, əhali sıx halda yaşamır, ona görə də ABŞ-də insanlar rahatdır. Düşünürəm ki, iş mühiti də buranı seçmə səbəblərindən biri ola bilər.

 

- Maraqlıdır, seçimlər Amerikadan yanadır, vəzifələr necə, hər kəs üçün əlçatandırmı?

 

- İş mühitində müəyyən siyasət var. Amma mühit çox peşəkardır. İnsanlar bir-birinə irad, eləcə də rəy bildirərkən daha diqqətlidirlər, şəxsi sərhədləri qoruyurlar. Bundan əlavə burada qətiyyən diskriminasiya yoxdur. Zənncimcə ölkəmizlə bura arasındakı fərqlərdən biri də elə budur. Birisinə qarşı ayrı-seçkilik ən böyük cinayət sayılır. İş müraciətlərində qətiyyən hansısa bir ayrı-seçkiliyə yol verilə bilməz. Kimin səriştələri yetərlidirsə, işə müraciət edib, qəbul olur. Bəzən tanışlıq da işə yarayır. Məsələn, bir vakansiya var, ancaq onu elan etməyiblərsə, kiminsə əlaqələri daha güclüdürsə, xəbəri əvvəlcədən olursa, o müraciət edir və seçilir. Tanışlıq hər zaman işə yarayır, amma tərəfkeşlik nisbətən daha azdır. Nəyəsə görə birini qəbul edib, o birini etməmək kimi vəziyyətlər daha azdır. İşə götürərkən əsas prioritet qəbul edilən məsələlər insanın iş səriştələridir. Burada onun ünsiyyət bacarıqları, iş təcrübələri və s. əsas hesab olunur.