Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 09:36:00
Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi” tətbiq ediləcək-FOTO

Kəlbəcər rayon 18 saylı tam orta məktəbdə icra olunan “Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsinin təqdimatı olub.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Arzuman Qarayev təhsildə keyfiyyətə nail olmaq üçün önəmli məsələlərdən birinin də təhsil ocaqlarında sağlam pedaqoji mühitin formalaşdırılması olduğunu qeyd edib: “Şagird-şagird, müəllim-şagird, müəllim-müəllim arasında fikir ayrılıqlarının, münaqişələrin olması pedaqoji mühitə mənfi təsir göstərir. Xüsusən, şagirdlər arasında müxtəlif formalı münaqişələr şagirdin öyrənməsinə mane olur. Məktəbimiz direktor müavini Xalid Kazımovun Elm və Təhsil Nazirliyinin dəstəyi icrasına başladığı bu layihənin qeyd olunan problemin çözülməsində əhəmiyyətli olacağını düşünürəm”.

 

No description available.

 

Daha sonra çıxış edən layihə rəhbəri Xalid Kazımov bildirib ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant VI qrant müsabiqəsi çərçivəsində dəstəklənib: “Layihənin məqsədi orta ümumtəhsil məktəblərində pedaqoji münaqişələri “həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə həll etməklə təhsil ocaqlarında  sağlam pedaqoji mühitin formalaşdırılmasına nail olmaqdır. Layihə çərçivəsində mediator şagirdlərin seçilməsi üçün məktəbdə olan V-XI siniflərin hər birində gizli səsvermə keçiriləcək. Səsvermə zamanı şagirdlərin ən çox etibar etdiyi və onlar arasında mümkün münaqişəli vəziyyətləri çözmək səlahiyyəti verilməsini istədikləri şagirdlər seçiləcək. Hər bir sinifdən 2 (1 nəfər əsas, digəri alternativ) nəfər mediator şagird olaraq cəmi 18 şagird və müəllim kollektivi arasından 2 nəfər mediator müəllim (1 nəfər əsas, digəri alternativ) seçiləcək. Həmçinin, məktəbdə Mediator otağı yaradılacaq. Mediator otağı məktəbin kooridorunda hər kəs üçün görünən yerdə şəffaf şuşədən yığılacaq.

 

No description available.

 

Növbəti mərhələdə hər bir sinifdən seçilən 18 nəfər mediator şagird və müəllimlər arasından seçiləcək 2 mediator müəllim təlimlərə çəlb ediləcək. Mediasiya sahəsində peşəkar təlimçi və psixoloq tərəfindən seçilmiş iştirakçılara bir ay ərzində 10 saat təlim veriləcək. Psixoloq iştirakçılara münaqişəli stuasiyanın tərəflərinə yanaşma, qarşılıqlı hörmət, emosiyaların idarə edilməsi, empati qurma bacarığı aşılayacaq. Mediator təlimçi isə şagirdlərə münaqişələrin çözülməsi üçün tələb olunan bacarıqlar, neytral yanaşma sərgiləmə, münaqişə tərəflərinə ünvanlanacaq sualların seçilməsi, onlar üçün ortaq nöqtələrin tapılması bacarıqlarını öyrədəcək.

 

Sonuncu mərhələdə mediator şagirdlər aktiv fəaliyyətə başlayacaq. Mediator şagirdlər fəaliyyətləri dövründə daimi olaraq Mentor müəllimdən məsləhət ala biləcəklər. Neytral mediator şagirdlər iki və ya daha çox ziddiyyətli sinif yoldaşına razılığa gəlməyə kömək edən könüllü iştirakçı olacaq. O, tərəflərə nəsihət verməyəcək, münaqişədə olan tərəflərə ümumi maraqlarını müəyyən etməyə kömək edəcək. Hər iki tərəf üçün məqbul həll yolu tapmağa, ədalətli razılığa gələ bilmələri üçün qarşılıqlı fikir ayrılıqlarını müzakirə etməyə kömək edəcək”.

 

X.Kazımov qeyd edib ki, mediator şagirdin ən mühüm vəzifəsi həm danışan şagirddə anlaşma hissi yaratmaq, həm də onu düzgün başa düşmək üçün qarşı tərəfə sual vermək və başa düşdüklərini qarşı tərəfə anlatmaqdır: ”Bu prosesdə münaqişə edən tərəflər problemlə bağlı hisslərini bir-birinə izah edəcəklər. Verilən suallar tərəflərə eyni stuasiyada empati qurmağa kömək edəcək. Ardınca Mediator şagird münaqişədə olan tərəflərə bir-birləri ilə empati qurmağa və bir-birlərinin sözlərini, hisslərini və səbəblərini başa düşdüklərini göstərməyə şərait yaradacaq. Mediator şagirdin vasitəçiliyi ilə münaqişə tərəflərinin istək, ehtiyac, maraqlarının müəyyən edilməsi təmin ediləcək. Ardınca tərəflərə hər iki tərəfin xeyrinə ümumi problemlərin həll variantını yaratmağa dəstək veriləcək. Son olaraq mediator şagird münaqişə tərəflərindən irəli sürülən həll təklifləri arasında hər iki tərəfin xeyrinə bir variantın seçilməsinə qərar verilməsini təmin edəcək”.

 

X.Kazımovun sözlərinə görə, respublikamızın orta ümumtəhsil məktəblərində ilk dəfə tətbiq olunan bu təcrübənin həm də məktəbdəki tədris mühitinin sağlamlaşdırılmasına rol oynayacağı gözlənilir.