Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 15:13:00
“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin növbəti mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, şəhər mərhələsində şagirdlər kompüter əsaslı olmaqla “Microsoft Word” proqramı vasitəsilə 2 saat ərzində “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa yazıblar.

 

Bakı şəhər mərhələsində iştirak etmək üçün 270 şagird portal.edu.az platformasında “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə qeydiyyatdan keçib. Müsabiqənin Bakı şəhər mərhələsində paytaxt məktəblərindən ən yaxşı nəticə göstərən 12 şagird ölkə mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Qeyd edək ki, inşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə həyata keçirilir. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə kompüter əsaslı təşkil olunur.

 

Müsabiqənin final mərhələsi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil edilmiş kompüter mərkəzlərində həyata keçiriləcək. Təhsilalanlar müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaq.