Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 11:28:00
Yüksək bal toplayanların uğur sirləri – “Gərgin rejimdə dərs oxumasınlar, əvəzində...”  

Şəki Təhsil Şöbəsinin ictimaiyyətlə  əlaqələri  üzrə  məsul  şəxsi Mahal Məmmədov rayon üzrə yüksək bal toplayanların tövsiyyələrini, uğurlarının sirlərini öyrənib.

“Ali məktəbə qəbul imtahanlarında uğur qazanmaq, əldə olunan bilikləri maksimum nəticəyə çevirmək, bir sözlə, abituriyent istədiyi ixtisas üzrə tələbə adına sahib olmaq üçün nə etməlidir?” sualının cavabına həmin tövsiyələrdə əsaslı cavab tapmaq mümkündür.

Beləliklə, AzEdu.az 2018-ci ildə ali məktəblərə qəbul imtahanında Şəki rayonu üzrə yüksək nəticə göstərən  ümumtəhsil məktəbləri məzunlarının tövsiyələrini təqdim edir:

Nərmin İsmayılova - Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu. III ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub.

 “Əlbəttə ki, ali məktəbə maksimal balla qəbul olunmaq sözün əsl mənasında, qürurvericidir. Çox sevinirəm ki, bu nəticə ilə -700 balla- universitetə daxil olmuşam. Sözsüz ki, yüksək balla universitetə qəbul olunmaq üçün əvvəlcə gərək, əsl vətənpərvər olasan. Doğma Azərbaycanımızı daim sözdə  yox, əməldə  sevdiyini sübut edəsən. Gələcəkdə cəmiyyətə layiqli bir vətəndaş olmağı qarşına məqsəd qoymalı, bir kadr kimi ölkəyə və xalqa xeyir verəsən.

Sənin üzərində zəhməti olan valideynlərini, müəllimlərini sevindirmək üçün aşağı siniflərdən sistemli oxumağı özünə aşılamalısan. Məncə, yalnız son siniflərdə hazırlıq düşüncəsi düzgün yanaşma deyil.

Ali məktəbə qəbul imtahanı qabağı həyəcanı dəf etməli və özünə inamlı olmalısan. İmtahan zamanı sanki, zalda təksən kimi davranmalı, bütün diqqətini sualların düzgün cavablandırılmasına yönəltməlisən. Sonrakı mərhələdə düzgün ixtisas seçimi aparmaq da vacib şərtlərdəndir.Bütün məktəbli dostlarımız bilsinlər ki, onların iradəsi və əzmi qarşısında reallaşmayan arzu, keçilməyən sədd yoxdur”.

Aytac Hüseynli - Şəki şəhər 5 nömrəli tam orta məktəbin məzunu. lll ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 687 bal toplayaraq, “ADA” Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinə daxil olub.

“Son 2 ildən  etibarən, ciddi hazırlaşsam da, ancaq əlavə müəllimə müraciət etməyə ehtiyac duymamışam. Əslində, uşağın özündən çox şey asılıdır. Müəllim  səni sadəcə,  yönləndirə və dərs barədə vacib nüansları izah edə bilər. Sən öz qarşına məqsəd qoyduqdan sonra buna özün nail olmalısan. İlk növbədə, hədəflərini əvvəldən bilmələrini məsləhət görürəm. Toplayacağın bala, sevdiyin bir fənnə görə qətiyyən qrup seçmək olmaz. İxtisas seçiminə hərtərəfli yanaşmaq lazımdır, çünki cəmi bir neçə il oxuyacağıq,  amma 65 yaşımızadək işləyəcəyik. Odur ki, sevdiyimiz işlə məşğul olmalıyıq.

Qarşına məqsəd qoyandan sonra istənilən balı toplamaq olar. Təkcə, imtahanda yaxşı bal yığmaq yox, həyatda uğur qazanmaq üçün özünə inanmaqla çalışmalısan.

Yusuf Xəlil - Şəki şəhər Fizika-riyaziyyat və hümanitar təmayüllü liseyin məzunu.  IV ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 695 bal toplayaraq, Azərbayacan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub.

- “Hazırlıqdan əlavə ilk məsləhət  biləcəyim şey odur ki, gərgin rejimdə dərs oxumaq düzgün deyil, çünki insan istirahət etməli və sonra dərs oxumalıdır. İstirahətə və dərsə ayırdığım saatları bölüşdürmüşdüm. Sistemli oxumaq sayəsində də bu uğuru qazandım.

Valideynlərə onu demək istərdim ki, övladlarına çox təzyiq etməsinlər. Şagirdi  rahat buraxdıqda, o, daha yaxşı nəticə göstərir və özünə güvəni artır. Ailəm mənə güvənirdi deyə, məndə özünə inam formalaşmışdı və yüksək nəticə göstərdim”. 

Cəlal Cəlilzadə - Şəki rayonu Oxud kənd tam orta məktəbin məzunu. ll ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 647 bal toplayaraq,  Azərbayacan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsinə qəbul olub.

-“ Ali məktəbə qəbul olmaq üçün ilk öncə orta məktəb proqramını yuksək səviyyədə mənimsəmək, seçəcəyin ixtisas üzrə fənləri dərindən öyrənmək vacib şərtdir. Hər halda orta məktəbdə dərslərə laqeyd yanaşan biri, fikirimcə, istədiyi ixtisas üzrə ali məktəbə qəbul ola bilməz. Biz məktəbdə oxuduğumuz müddətdə müəllimlərimizin verdiyi tövsiyələrdən istifadə etməyi bacarmalıyıq. Əlbəttə ki, hər hansı kursa və ya repetitor hazırlığına getməklə də öz biliyimizi artıra bilərik. Ancaq orta məktəbdə aldığımız fundamental təhsil olmadan biz heç vaxt ali məktəbə qəbul ola bilmərik. Qəbul olsaq belə yüksək nəticə əldə etmək çətindir”.

Fuad Rəsulov - Şəki rayonu Oxud kənd tam orta məktəbin məzunu. ll ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 665 bal toplayaraq, Azərbayacan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakültəsinə qəbul olub.

“Əslində? ali məktəbə qəbul olmaq o qədər də çətin deyil. Sadəcə özünə inam, intizamlı həyat və kitab sevgisi yetərlidir. Ən önəmlisi də hansı universitetə qəbul olmaq istədiyini və hansı ixtisası seçəcəyini dəqiq bilməli, şüurlu təsəvvür etməlisən. Çünki insanın düşünülmüş məqsədi olduqda arzusu qarşısıalınmaz olur.

Mən bizdən sonrakı abituriyentlərə məsləhət görərdim ki, bacarıqlarına uyğun ixtisas qrupunu müəyyən etsinlər. Qarşılarına məqsəd qoysunlar və ona çatmaq üçün hər gün yorulmadan çalışsınlar”.

Şücaət Şahidli - Şəki rayonu Oxud kənd tam orta məktəbin məzunu. ll ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 657 bal toplayaraq, Xəzər Universitetinin Maliyyə fakültəsinə qəbul olub.

 “Yüksək nəticə göstərməyin əsas sirri özünə inanmaq və qarşına məqsəd qoymaqdır. Təbii ki, təkcə bununla hər şeyə nail olmaq mümkün deyil. Həmin məqsədə çatmaq üçün zəhmət çəkmək lazımdır. Təkcə, son iki ildə deyil, bütün 11 ili oxumaq, çalışmaq lazımdır.

Bundan başqa, yalnız dərs qrafiki deyil, həm də istirahət rejimi düzgün qurulmalıdır. Bütün bunlara əməl etməklə hər an uğura daha da yaxınlaşmaq mümkündür”. 

Fərda Kərimov  - Şəki şəhər 19 nömrəli tam orta məktəbin məzunu.  ll ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 666 bal toplayaraq,  Azərbayacan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olub. 

“Təbii ki, ali məktəblərə qəbul olmaq əksər şagirdin hədəfidir.Hədəfə nail olmaq üçün də zəhmət çəkərək irəliləmək lazımdır. İmtahanlarda müvəffəqiyyət əldə etmək üçün gecə - gündüz çalışmaq lazım deyil.Yalnız keyfiyyətli və müntəzəm hazırlaşmaqla uğur əldə etmək mümkündür.Təhsilin Sizi yüksəldə biləcəyi pillələri dərk etdikdə insan daha çox stimul alır və yorulmadan, böyük həvəslə yoluna davam edir.Hədəflərə ardıcıl şəkildə nail olduqca insanda qalibiyyət hissi yaranır ki, bu da ən gözəl hisslərdən biridir”. 

Fərid Mustafayev - Şəki şəhər 5 nömrəli tam orta məktəbin məzunu. ll ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 652 bal toplayaraq, Azərbayacan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.

“Uğura gedən yolun ilk öncə özünə güvənməkdən keçdiyini düşünürəm. Daha sonra dərslərinə mütəmadi olaraq hazırlaşmaq, çalışqan olmaq və məqsədin uğrunda ciddi mübarizə aparmaq qələbəyə ən çox yardım edən faktorlardandır”. 

Ayşən İmamverdiyeva - Şəki şəhər 1 nömrəli tam orta məktəbin məzunu. ll ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 626 bal toplayaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialının İngilis dili fakültəsinə qəbul olub.

-“Həyat bir nərdivandır, arzular isə onun pillələri.Biz bu pillələri qalxaraq arzularımızı həyata keçiririk. Arzularımızdan biri də ali təhsil almaqdır. Hər kəs bunu xəyal edir, ancaq bu arzuya çatmaq üçün xəyalın yerini məqsəd, iradə, zəhmət tutmalıdır.Ən birincisi, bünövrə möhkəm olmalıdır.Sonra isə dərslərə ardıcıl hazırlaşmaq, məqsədinə doğru addım-addım irəliləmək lazımdır.Məqsədə çatmaq üçün isə zəhmət və istək yol yoldaşın olmalıdır.Bundan sonra isə üzünə bütün qapılar açıqdır.Bu yolda təbii ki, müəllimlər, valideynlərimizin əziyyəti böyükdür.Odur ki, bütün müəllimlərimə və valideynlərimə sonsuz təşəkkürümü bildirirəm”.

Turan Hümmətli - Şəki rayonu Bideyizkənd tam orta məktəbin məzunu. lV ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanında 630 bal toplayaraq, Naxçıvan Dövlət Universitetinin Müalicə işi fakültəsinə qəbul olub

“Məncə ali məktəbə qəbul olmaq üçün məktəbillərin də müəllimlərimiz dərs izah edərkən çox diqqətlə qulaq asmaq, dərsdən sonra müəllimin izah etdiyi mövzuları kitabdan oxuyaraq aldığımız bilikləri daha da təkmiləşdirmək lazımdır. Bu yolda uğur qazanmağın ən uyğun üsulu nəzəri biliklərimizin möhkəmliyinə əmin olmaq, davamlı təkrar və bol-bol test işləməkdir.Çünki bütün bunlar oxuduqlarımızı qəbul imtahanlarında reallaşdırmaq qabiliyyətimizi inkişaf etdirir.Abituriyentlərə əsas tövsiyələrimdən biri də odur ki, sevə-sevə oxusunlar, "yoruldum" deməsinlər.Hər hansı maneə olduqda müəllimləri, valideynləri və ya məktəb psixoloqu ilə məsləhətləşsinlər.  Qarşınıza bir məqsəd qoyub ona doğru inamla addımlamaq ən böyük motivasiya olacaqdır.Hər kəsə bu yolda uğurlar!”