Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-02 11:57:00
Ali təhsili daha çox tədqiqata uyğunlaşdırmaq lazımdır

Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının (MRC Laboratory of Molecular Biology) qrup rəhbəri professor Qərib Mürşüdov “Azərbaycan müəllimi” qəzetinin qonağı oldu.

 

Q.Mürşüdov Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvüdür. 1993-2011-ci illərdə York Universitetinin professoru olub. Dünyanın nüfuzlu alimlərinin yer aldığı Avropa Molekulyar Biologiya Təşkilatına (EMBO) üzv seçilən ilk azərbaycanlıdır. Q.Mürşüdovun məqalələrinə olunan istinadların sayı 62 mindən çoxdur.

 

Qonağımızla Qarabağ Universitetinin yaradılması, eləcə də ali təhsilimizdə baş verən yeniliklər, inkişaf trendləri, hədəflər barədə danışdıq, ali təhsil müəssisələrində tədrisin və elmin təşkili kimi məsələləri diqqətdə saxlamağa çalışdıq. Professor Q.Mürşüdovla ilk müzakirə etdiyimiz mövzu Qarabağ Universitetinin yaradılması ilə bağlı oldu.

 

- Qarabağ Universiteti üçün siz necə bir model təsəvvür edirsiniz?

 

- Çox maraqlı sualdır. Mənim düşüncəmə görə, elm və təhsilin təşkili və inkişafı paytaxtdan kənara çıxsa daha yaxşı olar. Bunun müxtəlif təsirləri olur. Mühüm təsirlərdən biri də odur ki, yeni yaradılan universitet regionların inkişafına müsbət təsir göstərir. Bu, həm də maliyyə nöqteyi-nəzərdən sərfəlidir.

Qarabağ Universitetini necə görürük? Yeni ali məktəb bir tərəfdən təhsil verməlidir, digər tərəfdən də tədqiqatlar aparmalıdır. Qarabağ Universitetini müasir universitetlər, tədqiqat və təhsil verən  universitetlər kimi yaratmaq daha məqsədəuyğundur. Bu, o deməkdir ki, ali təhsili  daha çox tədqiqata uyğunlaşdırmaq lazımdır. O biri tərəfdən, universitetin özünün, kifayət qədər yüksək tədqiqat istiqamətləri olmalıdır. Bu,  o deməkdir ki, müəllimlərin dərs yükü də yuxarı olmamalıdır ki, tədqiqatlara vaxt ayıra bilsinlər.

Mən Qarabağ Universitetinə uğurlar arzulayıram. İstərdim ki, Qarabağ Universiteti  beynəlxalq universitet statuslu olsun. Bunun üçün həm Gürcüstandan, həm də Orta Asiyadan tələbələr gəlib burada oxusunlar. Ümumiyyətlə, mən optimistəm. İstərdim ki, Azərbaycan regional mərkəzə çevrilsin. Bunu eləmək mümkündür. Mən buna inanıram. Mənim nöqteyi-nəzərimdən təhsilə, elmə, sənayeyə  ayrı-ayrı baxmaq lazım deyil. Bunlara ümumi bir sistemin müxtəlif komponentləri kimi baxmaq lazımdır. Əgər ancaq təhsili inkişaf etdirirksə, onda biz digər ölkələr üçün mütəxəssislər hazırlayırıq. Əgər biz ancaq sənayeni inkişaf etdiririksə, onda biz ayrı-ayrı ölkələrdən mütəxəssislər gətirməliyik. Mən düşünürəm ki, belə strateji plan olsa, müxtəlif istiqamətlər bir yerdə işləsə, bir tərəfdən ali təhsil sənaye üçün kadr hazırlayır, sənaye isə təhsilin inkişafı üçün imkanlar və maliyyələr ayırır. Bunların hamısı bir yerdə işləməlidir.

 

- Universitetlərimizdə  tədris və tədqiqatçılıq fəaliyyətini necə balanslaşdırmaq olar ki, alimlərimizin  tədqiqatlara vaxtları olsun?

 

- Bu, təhsilin təşkili ilə bağlıdır. Burada bir neçə məqamlar var. Hazırda müəllimlər 500-600 saat dərs deyirlər, yəni haradasa ilin əksər günlərində 4 saat dərs deməlidir. Müəllimin tədqiqata heç vaxtı qalmır. Gəlin baxaq, təhsilin birinci ilini 100 faiz, ikinci ilini 75 faiz imtahanlar, 25 faiz tədqiqat hissəsi əhatə edir. Tədqiqat layihələri müəllimlərdən gəlir. Müəllimlər öz istiqamətlərinə uyğun tədqiqat layihələri verirlər. Üçüncü il 50-50, dördüncü il isə 25-75 faiz. Digər tərəfdən müəllimlər özləri də tədqiqatla məşğul olurlar. Belə olduqda, onların vaxtı qalır. Artıq 500-600 saat yox, ən çoxu 200 saat dərs deyirlər. Qalan vaxtlarda onlar tədqiqatla məşğul ola bilərlər.

 

Tədqiqata əsaslanan təhsil həm müəllimlərin vaxtını azad edir ki, onlar tədqiqatla məşğul ola bilsinlər,  həm də tələbələri  proyektlərə daha yaxın olurlar. Hansı problemin olduğunu daha yaxşı başa düşürlər və özləri tədqiqat aparmağa başlayırlar. Hazırda universitetdən götürsək, məsələn, əksər tələbə tədqiqatın nə olduğunu bilmir. Müəllim dərs deyir, onlar yazırlar, imtahan verirlər, heç bir kitab açmaq lazım deyil. Əgər onlar özləri axtarış aparsalar, ola bilsin, müəlliminin belə bilmədiyi şeyləri də öyrənib yaza bilərlər.

 

Daha doğrusu, özləri axtarış aparanda onlarda tədqiqatçılıq qabiliyyəti yaranır, sonra elmlə məşğul ola bilərlər. Sənaye ilə məşğul olanda artıq onlar problemlərə yaradıcı yanaşa bilirlər. Bu, vacib məqamdır. Mən demirəm, bütün universitetlərdə belə olmalıdır. Elə universitetlər var ki, məsələn, Pedaqoji Universitetin məqsədi müəllim hazırlığı olmalıdır. Orada tədqiqat əvəzinə, məsələn, praktikalar daha çox vacibdir. Məsələn, məktəbdə təcrübədə olub dərs keçsinlər. Məktəbin dərs sisteminə kömək eləsin. Ayrı bir məqam da var, məsələn, IV kursda və ya magistraturada olan tələbələr özləri də gəlib təhsilə kömək edir, müəllim koməkçisi kimi dərs deyirlər. Yəni magistraturada olanda təhsilin bir hissəsini öz üzərlərinə götürürlər. Bu da müəllimlərin vaxtını bir qədər azad edir.

 

 

- Universitetlər nəzdində məktəblər mövzusu getdikcə aktuallaşır. Bu yanaşma ali məktəblərimizin potensialının gücləndirilməsi işinə töhfə verə bilərmi?

 

- Biz məktəb deyəndə bir az başqa cür yanaşırıq. Mənə tanış olan Kembric və Tokio Universitetlərindən danışsaq, orada tələbələr, fakültələrə deyil, təbiət elmləri məktəbinə daxil olurlar. Bu, hər hansı orta məktəb deyil. Məktəb deyəndə biz bunu daha geniş başa düşürük. Orta məktəb hamımızın tanıdığı təhsil mühitidir. Bir də var Universitet nəzdində olan ayrı-ayrı məktəblər. Bu, mənim ideyam deyil. Azərbaycanda universitet nəzdində belə bir məktəblərin yaradılması barədə təkliflər var. Ancaq hələlik bu sahədə hər hansı bir qərar yoxdur. Ancaq Qarabağ Universitetində belə məktəblər olacaq.

 

Deməli, tələbə qəbul olur təbiət elmləri məktəbinə. Bu məktəbdə, deyək ki, kimya, fizika, biologiya və s. tədris olunur. Birinci kurs bütün tələbələr eyni dərsləri keçirlər. Deyək ki, 30 faiz riyaziyyat, fizika və kimya, biologiya. Dərslərin 70 faizini isə tələbələr özləri seçə bilərlər. Nəzərə alaq ki, orta məktəbi bitirən uşağın 17 yaşı var. Bu yaşda o qərar verməlidir ki, fizika ilə məşğul olsun, ya kimya ilə. Kimya və fizika arasında əlaqə olub-olmadığını da bilmir. Yaxud  biologiya ilə məşğul olmaq istəyir. Bu qərarı bir qədər gecikdirmək lazımdır ki, yeniyetmələr bu qərarı sonra verə bilsinlər. Tutaq ki, birinci kursda onlar hamısı eyni dərsi keçirlər, birinci kursdan sonra qərar verirlər ki, hansı istiqamətə getsinlər. Qərarı sonra da verə, dərsləri özlərinə uyğun seçə bilərlər. Seçim dərslərin sayı çoxalır, çoxaldıqca da  elə dərslər ola bilər ki, tələbələr o dərslərə qatılmasınlar.

 

Bu həm də müxtəlif fakültələrdə elmi sahələr arasında əlaqələrin yaradılmasına kömək edir. Müəllimlər dərs deyəndə bir-biri ilə, tələbələr müxtəlif fakültələrdə olan digər təhsilalanlarla ünsiyyətdə olurlar. Bizdə isə istiqamətlər uzun illərdir ki, dəyişməyib və onlar arasında heç bir əlaqə yoxdur. Fizika fakültəsindən kimya fakültəsinə keçmək qeyri-mümkündür. Bu məktəblərdən biri təbiət elmləri, digəri riyaziyyat və kompüter elmləri (buraya maşın öyrətmə, süni intellekt və s. daxildir) üzrə olur. Oraya fəlsəfəni də qoşmaq olar. Məsələn, Oksford Universitetində riyaziyyat və fəlsəfə bir yerdə gedir. Belə baxanda fəlsəfə də məntiqdir, riyaziyyatın əsasında məntiq dayanır. Onların oxşarlığı vardır. Bu baxımdan onları qoşmaq olar. Fəlsəfəni humanitar elmlərə də qoşmaq olar. Fəlsəfəni, yəqin ki, riyaziyyata qoşmaq düzgün olmaz. Ənənəyə görə fəlsəfəni tədris edən müəllimlərin riyazi istiqamətdə fikirləşməsi yoxdur.

 

Digərləri humanitar fənlər məktəbidir, orada tarix, qanun, hüquq var. Təbabət ayrı bir məktəbdir.  Bu istiqamətlər məktəblər kimi fəaliyyət göstərir. Ancaq universitet müəllim hazırlamır.

 

- Gənclərə nə kimi tövsiyələriniz olardı?

 

- Ümumiyyətlə, istərdim ki, gənclər özlərinə inansınlar. Kim özünə daha çox inanır, o daha çox nəticələr ala bilir. Əlbəttə, problemlər olacaq. Tələbələr, gənclər nəzərə almalıdırlar ki, gələcəkdə onların qarşısında çoxlu problemlər olacaq. Problemləri həll edə-edə onlar öz məqsədlərinə çata bilərlər. Azərbaycanda bacarıqlı insanlar çoxdur. Dünyada da hazırda müəyyən səviyyəyə çatmış azərbaycanlılar var. Bu, o deməkdir ki, onların nümunəsində gənclər inkişaf  edə, gözəl nəticələr ala bilərlər.

 

Mən istərdim ki, tələbələrdə əsasən özlərinə inam olsun. İnam bir tərəfdən, o biri tərəfdən də çalışsınlar. Hazırda dünyada resurslar internetdə kifayət qədərdir. Hansı elmi istiqaməti istəyirsiniz, onu öyrənmək olar.

 

Öyrənmək üçün tələbələrin özlərində drayv, canatma olmalıdır. Onlar məqsədyönlü çalışmağı bacarmalıdırlar.Mən ümumiyyətlə, optimist adamam.Fikirləşirəm ki, gələcək gənclərdən asılıdır. Gənclərdə əgər özlərinə inam, gələcəyə inam varsa, onlar öz üzərlərində işləyirlərsə, onların gələcəyi də yaxşı olmalıdır. 

 

- Tələbələrinizi necə seçirsiniz?

 

- Mən özüm tədqiqatla məşğulam. Biz dərs demirik. Bizim Kembricdəki institut tədrisdən azaddır.  İşçilər müəyyən tələblərlə seçilir, ilk növbədə, maliyyə məsələsi var. Ya universitetin özündən maliyyə olur,  yaxud da, deyək ki, mən hər hansı qrant alıram. Bu qranta görə müəyyən adamı işə götürmək lazımdır. İşə götürəndə biz elan verməliyik. Biz axtarırıq, kim uyğun gələ bilər. İxtiyari adam sənədlərini verə və müsahibədə iştirak edə bilər. Harada oxuyub-oxumadığı vacib deyil. Vacib olan budur ki, bu adam hansı işlə məşğul olub. Diplomun, aspirantura sənədinin olması, bunlar ikinci dərəcəlidir. Bunlar ancaq ixtiyar verir ki, bu adamı biz müsahibəyə çağıra bilək. Müsahibəyə çağırandan sonra bu adamın iş görmək bacarığının olub-olmaması müəyyən olunur. Nə olsun ki, o, Kembrici, başqa birisi Çin və Rusiyada, digər yerdə nüfuzlu ali məktəbi bitirib. Əgər bu adam iş görübsə, iş görməyi bacarırsa, mənim görmək istədiyim layihəni həyata keçirə bilirsə, mən də onu işə götürə bilərəm.

 

- Onların arasında azərbaycanlı tələbələr də varmı?

 

- Mən Kembricdəki qrupumdan əlavə Azərbaycanda Molekulyar Biologiya İnstitutunda da qrup yaratmışam. 10 ildən artıqdır ki, burada mənim laboratoriyam var. Məqsədlərimdən biri o idi ki, sahənin inkişafına və tədqiqatçıların yetişməsinə bir az kömək edim. Ancaq məsləhət vermək üçün, birincisi, problemləri başa düşmək lazımdır. Tələbələrimdən bir nəfəri artıq müdafiə edib, indi Almaniyada işləyir. Hazırda doktoranturada oxuyan daha 3 tələbəmiz var. Onlarla məşğulam. Onlardan 2-si təcrübə keçmək üçün Kembricə gəlib, ancaq bir aylığa. Növbəti mərhələdə istəyirəm ki, bunu genişləndirək, təcrübə müddəti 6 aylıq və ya 1 illik olsun. Əlbəttə, biz Britaniyadan, dünyanın müxtəlif yerlərindən maliyyə tapa bilərik. Ancaq bu maliyyənin Azərbaycandan olması daha vacibdir. Çünki Azərbaycanda da öyrənilməlidir ki, elm necə təşkil olunur. Bunun bir hissəsi maliyyə ilə bağlıdır. Azərbaycan öz elminin inkişafına maliyyə ayırmalıdır, artıq iş görmək lazımdır.

 

- Ali təhsil sisteminin rəqabətliliyi. Sizcə, buna necə nail olmaq olar?

 

- Mən bunu başa düşə bilmirəm, bu nə deməkdir? Əgər reytinqlərdən danışırıqsa mən reytinqlərə elə də ciddi baxmıram. Belə deyim, bir sahədə reytinqli olanlar  reytinqlə məşğul deyillər. Çünki o, artıq var. Məsələn, Kembric Universiteti reytinqi qaldırmaq üçün maliyyə ayırmır, Harvard Universiteti də ayırmır. Bunlar artıq yuxarıdadırlar. Aşağıda olanlar reytinqlərini qaldırmaq istəyirlər. Qaldırmaq istəyəndə də müxtəlif üsullardan istifadə edirlər.

 

Reytinqin məqsədi nədən ibarətdir? Reytinqin məqsədi universitetə tələbələrin cəlb edilməsidir. Məsələn, Kembricin reytinqi yüksəkdir. Tələbələr baxırlar ki, bu universitetin reytinqi yuxarıdır, gedək orada oxuyaq. Məktəblər ideyasına, təhsil ideyalarına diqqət yetirsək respublikamızı regional liderə, mərkəzə çevirsək, onda reytinqlərlə məşğul olmaq lazım gəlməyəcək. Çünki artıq reytinq özü qalxır. Yəni universitet akademik və təhsil, iqtisadi əlaqələr üzrə regional mərkəzə çevrilsə, reytinq özü gəlib çıxır.

 

- Sonda  90 illiyi tamam olan “Azərbaycan müəllimi”nə nə kimi arzularınız olardı?..

 

-Birincisi, mən qəzetinizə uğurlar arzulayıram. Bildiyim qədər sizin qəzet ən çox oxunan qəzetlərdən biridir. Belə də olmalıdır. Nəinki təhsil işçiləri, hamı bilməlidir ki, müəllimlik çox vacib missiyadır, ölkəni yaşadan, inkişaf etdirən də müəllimlərdir. Sizin gördüyünüz işlərinizi müəllimlərə kömək kimi qiymətləndirmək olar. Mən istərdim ki siz daha çox müəllimlərin həyatına həsr olunmuş məqalələr dərc edəsiniz. Ölkədə, dünyada olan müəllimlərin - onlar necə müəllim olublar, necə uğurlu olublar, onların həyatını əhatə edən və Azərbaycana uyğun olan məqalələr olsun ki, müəllimlər də, tələbələr də onları oxuyanda ilhamlana bilsinlər. Müəllimlərdən, Azərbaycan müəllimlərinin həyatından nə qədər çox nümunələr olsa, daha yaxşı olardı.


"Azərbaycan müəllimi" qəzeti