Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 13:38:00
Orta məktəb şagirdləri yeni ekoloji layihəyə başlayır

Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olan “Məktəbli Ekokönüllü” layihəsi ictimaiyyətə təqdim olunacaq.

 

AzEdu.az xəbər verir ki, “Məktəbli Ekokönüllü” layihəsi şagirdlərə ətraf mühitlə bağlı bilikləri aşılamaqla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinə dəstək olacaq. Layihə məktəblilərin iştirakı ilə qəsəbədə ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması istiqamətində daha da uğurlu nəticələrin əldə edilməsinə şərait yaradacaq. Qala qəsəbəsində bir neçə orta məktəbdən başlayacaq “Məktəbli Ekokönüllü” layihəsinin gələcəkdə daha da genişləndirilməsi və bütün ölkə məktəblərini əhatə etməsi nəzərdə tutulur. İlkin olaraq Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəb mərkəz olmaqla, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 216, 185, 92, 323 nömrəli məktəblər layihəyə cəlb olunub.

 

Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin aradan qaldırılması istiqamətində birgə fəaliyyəti, şagirdlərə “yaşıl düşüncə”nin aşılanmasını, sosial məsuliyyət, öyrətmə və tətbiq etmə bacarıqlarına sahib vətəndaş yetişdirmək missiyasını qarşısına məqsəd qoyan layihənin təqdimat mərasimi oktyabrın 8-i saat 11:00-da “Tullantıdan sənətə” muzeyində keçiriləcək.

 

Qeyd edək ki, "Məktəbli Ekokönüllü" layihəsinin rəhbəri Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin müəllimi Nofəl Şirinovdur.