Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 16:18:00
LDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

Lənkəran Dövlət Universiteti(LDU) nəzdində fəaliyyət göstərən Elmi
Şuranın ilk iclası sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan
silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən
həlak olan şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

AzEdu.az xəbər verir ki, Elmi Şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov bildirib
ki, mənfur qonşularımızın-erməni qəsbkarlarının törətdiyi genişmiqsaylı
təxribatın qarşısı alınarkən Milli Ordumuzun çoxsaylı hərbi qulluqçusu şəhid
olduğuna görə ölkəmizdə, o cümlədən, Lənkəran Dövlət Universitetində 15
sentyabr – “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək və universitetdə bütün
fakültələrdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

 

Qeyd edək ki, yeni tədris ilinin ilk Elmi Şurasında müzakirəyə çıxarılan
məsələlər əsasən 2022/2023-cu tədris ilinə hazırlığın vəziyyəti barədə olub.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos. İdrak Əsgərov
universitetdə yeni tədris ilinə hazırlıq işlərinin demək olar ki, başa çatdığını deyib.
Bildirib ki, kafedralar üzrə dərs yükləri bölünüb, dərs cədvəlləri hazırlanıb,
müəllimlərə metodiki tövsiyələr verilib. İ.Əsgərov yeni tədris ilində olacaq
yeniliklər barədə də şura üzvlərini məlumatlandırıb.

 

Universitetin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər
haqqında Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor Azər Əliyevin
hesabatı dinlənilib. Azər Əliyev 5 mərtəbəli yeni tədris korpusunun inşasının
uğurla yekunlaşdığını, yeni tədris ilində tələbələrin istifadəsinə tam hazır olduğunu
deyib. Qeyd edib kİ, həmin korpusda hər növbədə 1200 tələbə təhsil ala biləcək.
Azər Əliyev digər tədris korpuslarında və Qızlar yataqxanasında da cari təmir
işlərinin yekunlaşdığını, yeni, lazımi avadanlıqlarla təmin olunduğunu şura
üzvlərinin diqqətinə çatdırıb.

 

LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2022/2023-cu tədris ilinə
hazırlığın vəziyyəti barədə hesabatı direktor əvəzi Leyla İbrahimova təqdim edib.
Universitetin “Baytarlıq və aqrar fənlər” kafedrasının dosenti Məlahət
Ağayeva bu il 5-9 sentyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Qafqaz (Qars)
Universitetinə işguzar səfərin yekunları barədə şura üzvlərini məlumatlandırıb.

 

Elmi Şurada cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.
Sonda Elmi Şuranın sədri, professor Natiq İbrahimov şura üzvlərinə və
LDU-nun tələbə-professor-müəllim heyətinə yeni tədris ilində uğurlar arzu edib.