Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-03 15:17:00
Ekspertdən Gənclər Fonduna TƏKLİF - “Qəbul imtahanında yüksək bal toplayanlar və olimpiadalarda uğur qazananlar göndərilsin

Uzun zamandır çoxlarını narahat edən xaricdə təhsil üzrə dövlət proqramı, gənclərin xaricdə oxumasının dövlət tərəfindən dəstəklənməsi məsələsi yenidən gündəmə gəlib. Prezident İlham Əliyevin 2018-ci il 29 avqust tarixli Fərmanı ilə bu səlahiyyətlər Azərbaycan Respublikasının Gənclər Fonduna verilib.

Təhsil eksperti Etibar Əliyev məsələylə bağlı AzEdu.az-a açıqlaması zamanı bildirib ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılmasının həyata keçirilməsi elə bir missiyadır ki, hansı qurumun nəzdində olması, elə də böyük əhəmiyyət kəsb etmir:

“Əsas odur  ki, şəffaflıq, obyektivlik olsun və qoyulan kriteriyalara uyğun tələbələr göndərilsin. Hamının arzusu odur ki, həmin tələbələr təhsillərini başa  çatdırdıqdan sonra ölkəyə qayıtsınlar. Düşünürəm ki, seçimdə, tələbələrin təhsil haqqının ödənilməsində ictima nəzarət də olmalıdır, çünki  nəzarətin olması prosesin şəffaflığını artıra bilər. Azərbaycan üçün yeni ixtisaslar üzrə, eyni zamanda hər  hansı ixtisasın daha da dərindən mənimsənilməsi üçün tələbələrin göndərilməsi olduqca vacibdir. Yəni dünyada  bu praktika mövcuddur. Bir misal çəkim, Qazaxıstanda 1992-ci ildən bu prosesə  necə təkan verilibsə, indi də davam etdirilir. Bu, fasiləsiz bir proses olmalıdır. Bu prosesin fasiləsizliyi, gənclərimizin dünya universitetlərinə çıxışı, başqa ölkələrdən olanlarla əlaqələrinin genişlənməsi, eyni zamanda bilik mübadiləsinin  aparılması və bir sıra mühüm məsələlərin həllinə səbəb ola bilər. Tələbələr dövlət proqramı səviyyəsində, əvvəlki kontingentə uyğun göndərilsə, ölkə  üçün çox böyük əhəmiyyət kəsb edə bilər”.

Ekspert vurğulayıb ki, 2007-2015-ci ildə Təhsil Nazirliyi tərəfindən  həyata keçirilən proqramın şərtləri ilə tanış olub, amma indikilərdən xəbərsizdir:

“Gənclər Fondunun Nizamnaməsində hansı şərtlər olduğunu bilmirəm. Ancaq vətəndaşlarla müqavilədə  onların müəyyən müddət ölkədə qalıb işləməsi mühüm şərtlərdən olmalıdır. Yəni dövlətin hesabına təhsil alan azərbaycan vətəndaşları 5 il ölkədə çalışmalıdırlar, çünki bu vəsaiti  dövlət xərcləyir, şəxsi hesab deyil. Onlar qazandığı bilikləri dövlətin işlərinə sərf etməlidir. Hesab edirəm ki, DİM imtahanlarında yüksək bal toplayanların, olimpiadalarda uğur qazananların göndərilməsi daha yaxşı olar. Hər halda bu seçimdir və rasional xarakter daşımalıdır. Seçilmiş insanlar göndərilməlidir ki, həm bilik qazansınlar, həm də ölkəni yaxşı təmsil etsinlər”.

Xatırladaq ki,  Prezident İlham Əliyevin 2018-ci il 29 avqust fərmanı ilə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılmasını “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən təmin olunacaq.

Qeyd: Prezidentinin 2006-cı il 19 oktyabr tarixli Sərəncamına əsasən yaradılan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Təhsil Nazirliyinin səlahiyyətində idi.