Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 14:03:00
“Bir nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?”-Osman Gündüz

 

“Kənardan müşahidə edəndə Elm və Təhsil Nazirliyi nəhəng imtahan mərkəzi, kütləvi imtahanlar nazirliyi təəssüratını yaradır”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.

 

O, Elm və Təhsil Nazirliyinin imtahanların təşkilindəki fəaliyyət imkanlarından danışıb:

 

“Direktroların işə qəbulu, bağçalara işə qəbul, müəllimlərin işə qəbulu, müəllimlərin setifikasiya imtahanı və s. bu tip kütləvi imtahanları keçirmək böyük resurslar tələb edir. Nazirlik də özünün xeyli resurslarını, məktəblərin və ali təhsil müəssisələrinin resurslarını, nazirliyin və təhsil müəssisələrinin canlı qüvvəsini, könüllüləri, texniki-texnoloji resursları bu imtahanların keçirilməsinə cəlb edir. Dövlətin kütləvi imtahanların təşkili məqsədilə yaratdığı qurum - Dövlət İmtahan Mərkəzi isə bütün bu prosesləri sadəcə kənardan müşahidə edir. Bu qədər ağır bir proses, nəhəg resursların cəlbi ilə kütləvi imtahanların təşkli Elm və Təhsil Nazirliyini öz qarşısına qoyduğu vəzifələrdən uzaqlaşdırmırmı?”

 

Prezident nazirliyin qarşısına qoyulan vəzifələrin artdığını bildirib:

 

“Burada söhbət nazirlik tərəfindən təşkil olunan imtahanların keyfiyyətindən, qiymətləndirmənin mahiyyətindən getmir. Nazirlik bu məsələləri son illərdə xeyli təkmilləşdirə bilib, yəni, keyfiyyət və texniki-texnoloji baxımdan bildiyim qədər bu tip kütləvi proseslər əvvəlki illərə nisbətən daha təkmil qaydada keçirilir. Amma görəsən bütün bunlar məntiqli və faydalıdırmı, ölkədə təhsil sahəsinə, təhsil siyasətinin müəyyən edilməsinə cavabdeh qurumun bu sahədə daha fundamental məsələlərə diqqət yetirməsi doğru olmazdımı? Burada həm də öz tabeliyindəkiləri qiymətləndirən nazirliklə bağlı bir maraq toqquşması faktı qarşıya çıxır. Görünən odur ki, Elm və Təhsil Nazirliyi qarşısına qoyulan vəzifələr getdikcə çoxalır”.

 

“Nazirlik bu qədər nəhəng resursları təhsilin inkişafına və keyfiyyətinin qaldırılmasına yönəltsə daha məqsədəuyğun olar”

 

“Son zamanlar qəbul edilən fərman və sərəncamlarda, digər normativ sənədlərdə, qəbul edilən strategiyalarda nazirliyin qarşısında çox ciddi hədəflər müəyyən edilib. Qlobal dünyanın da müasir çağırışları təhsil sektorundan daha çevik və effektiv qərarlar tələb edir. Bu baxımdan, fikrimcə, nazirlik bu qədər nəhəng resursları təhsilin inkişafına və keyfiyyətinin qaldırılmasına, təhsilin modernləşdirilməsinə yönəltsə daha məqsədəuyğun və məntiqli olardı. Düşünürəm ki, bununla da təhsilin inkişafı baxımından daha böyük uğurlar və müsbət nəticələr əldə etmək olar. Ümid edirəm hökumət, Elm və Təhsil Nazirliyi və DİM nəzərə alacaqlar”.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları